"Cəbiş müəllim"in 100 illik yubileyi qeyd olunacaq

"Cəbiş müəllim"in 100 illik yubileyi qeyd olunacaq Xalq artisti Süleyman Ələsgərov 63 il çalışdığı doğma teatrında yad ediləcək
İncəsənət
29 Sentyabr , 2015 21:16
Cəbiş müəllimin 100 illik yubileyi qeyd olunacaq

Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mərhum aktyoru, xalq artisti, tamaşaçıların sevimli teatr və kino sənətkarı Süleyman Ələsgərovun 100 illik yubileyi keçiriləcək.

"Report" xəbər verir ki, yubiley tədbiri oktyabrın 15-də Süleyman Ələsgərovun doğma teatrında keçiriləcək.

Yubiley mərasimində Süleyman Ələsgərovun sənət dostları, doğmaları iştirak edəcək.

Qeyd edək ki, Süleyman Ağababa oğlu Ələsgərov 1915-ci ildə Bakıda anadan olub.

Yeddiillik təhsilini başa vuraraq Maliyyə Texnikumuna daxil olub. Orada üç il oxuyub və iqtisadçı diplomu alandan sonra Azərbaycan Dövlət Tibb İnstitutuna imtahan verib və üç il də orada oxuyub. O, səhnəyə 1933- cü ildə Dənizçilər Mədəniyyət Evinin dram dərnəyində çıxıb. Səhnə sənətinə bağlandığına görə təhsilini yarımçıq qoyub. 1936-cı ilin sentyabrında Süleyman Ələsgərov GTT-yə müsabiqə yolu ilə aktyor götürülüb.

Tamaşaçıların "Bizim Cəbiş müəllim" filmindən yaxşı tanıdığı Süleyman Ələsgərov Gənc Tamaşaçılar Teatrının veteranlarından sayılıb. Belə ki, aktyor bu sənət ocağında fasiləsiz olaraq  63 il səhnəyə çıxıb. Dramlarda, komediyalarda, faciələrdə, nağıllarda, nağıl-dastan süjetli pyeslərdə bir-birindən əlvan rollar yaradıb. 83  yaşında da səhnədə canlı, dinamik və təravətli görünüb. Səhnə məntiqini həmişə həssaslıqla gözləyib.

Xalq artisti Süleyman Ələsgərov 1998-ci il dekabrın 10-da vəfat edib.

Son xəbərlər

Orphus sistemi