Yuxarı

"Yeddi oğul istərəm" filmində “Mirpaşa” obrazını canlandıran Elçin Məmmədovun 70 yaşı tamam olur - FOTO

Görkəmli teatr və kino xadimləri, mərhumun yaxınları sənətkarın məzarını ziyarət ediblər

Bakı. 29 may. REPORT.AZ/ Bu gün Azərbaycanın görkəmli teatr rəssamı, əməkdar incəsənət xadimi, mərhum aktyor Elçin Məmmədovun 70 yaşı tamam olur. Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) kollektivi, görkəmli teatr və kino xadimləri, həmçinin mərhumun yaxınları bu münasibətlə sənətkarın məzarını ziyarət ediblər.

"Report" xəbər verir ki, anım mərasimində ATXİ-nin sədri Azərpaşa Nemət, rejissor Əbdül Mahmudbəyov, əməkdar artist Ənvər Həsənov, xalq artistləri Şükufə Yusupova, Hacı İsmayılov mərhum haqqında xatirələrini bölüşüblər.

Xalq artisti Azərpaşa Nemət yaxın dostu Elçin Məmmədovun qəfil gedişindən hamıdan çox sarsıldığını bildirib:

"Bu gün mənim yaxın dostum Elçinin 70 yaşı tamam olur. O bizi cismən görə bilməsə də, inanıram ki, ruhu bizimlədir. Mən onunla yaxın dost olmuşam. Aramızda bir yaş fərq var idi. Mənim 4 yaşım olanda Elçinin 5 yaşı var idi və atalarımız dost olduğuna görə, tez-tez görüşərdik. Birlikdə böyümüşük. Onun qəfil, vaxtsız gedişi məni hamıdan çox sarsıtdı. Uşaqlıq və gənclik illərimin dostunu, bir parçasını itirdim. Amma Elçini hər gün xatırlayıram. Otağımda şəkli var. Onun ruhu ilə tez-tez söhbət edirəm. Onu unutmuram".

Mərhumun sənət dostu rejissor Əbdül Mahmudbəyov "7 oğul istərəm" filminin çəkiliş prosesində baş verən maraqlı epizodları xatırlayıb:

"Heç inanmaq olmur ki, Elçin kimi həyat dolu bir insan yoxdur. Elçinlə "7 oğul istərəm"də çəkiləndə başımıza o qədər hadisələr gəlib ki. Çəkilişlərin birində Elçin əqrəb tapmışdı. Əqrəbin nə olduğunu bilmədən onu tutmuşdu. Sonradan mən ona deyəndə ki, bu təhlükəli həşəratdır, səni sancsa, öldürər, Elçin çəkindi. Amma əqrəbi şüşə qaba qoyub, özü ilə şəhərə gətirdi.

O, Mirpaşa surətini gözəl yaratdı. Onunla dost olduq Yeddi oğuldan biri idi Elçin. Hayıf ki, aramızdan erkən ayrıldı. Elçinlə bir film işləməliydim. Amma qəfil ölüm arzumu ürəyimdə qoydu".

Anım mərasimində Elçin Məmmədovun bacısı, görkəmli sənətkar Barat Şəkinskayanın böyük qızı Solmaz Həmzəyeva da iştirak edib.

Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemət Elçin Məmmədova həsr edilən yubiley tədbirinin mayın 31-də ATXİ-da keçiriləcəyini qeyd edib.

Elçin Məmmədov 1946-cı il mayın 29-da Azərbaycanın iki böyük sənətkarı - rejissor Mehdi Məmmədov və xalq artisti Barat Şəkinskayanın ailəsində dünyaya gəlib. O 2001-ci il fevralın 18-də 55 yaşında dünyasını dəyişib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi