Yuxarı

Bu gün rəssam Aida Mahmudovanın Nyu-Yorkda fərdi sərgisi açılır

​“Ötüb keçərkən...” sərgisində rəssamın 8 irihəcmli rəsm tablosu təqdim olunur

Bakı. 28 may. REPORT.AZ/ Bu gün Nyu-York şəhərində yerləşən “Leila Heller” Qalereyasında (568 West 25 Street) azərbaycanlı rəssam, YARAT Müasir İncəsənət Məkanının təsisçisi Aida Mahmudovanın “Ötüb keçərkən...” (“Passing By…”) adlı fərdi sərgisi açılır. Sərgi iyulun 3-dək davam edəcək.

YARAT Müasir İncəsənət Məkanından "Report"a verilən məlumata görə, “Leila Heller” Qalereyası Nyu-Yorkun Çelsi rayonunda yerləşir və dünya incəsənət aləminə məşhur və nüfuzlu sərgiləri ilə tanışdır. Bu qalereya Yaxın Şərq və Orta Asiyanı təmsil edən müəllifləri müasir incəsənət (art) məkanında dünyada tanıtmaq, dəstəkləmək, təbliğ etmək missiyalarını yerinə yetirir. Bunun nəticəsi olaraq qalereyanın təmsil etdiyi rəssamlar dünya art məkanında artıq məşhur adlardır. Onların əsərləri Londonun “Viktoriya və Albert”, Nyu-Yorkun “Metropoliten” muzeylərində, Parisin “George Pompidou” Mədəniyyət Mərkəzində sərgilənir. Həmin rəssamların əsərlər bir çox mədəni təsisatlarda və şəxsi kolleksiyalarda da yer alıb.

“Ötüb keçərkən...” sərgisində Aida Mahmudovanın 8 irihəcmli rəsm tablosu təqdim olunur. Bu rəsm silsilələrində müəllif sanki anilik ideyasını araşdırır. Əsərlər daimi və sürətli dəyişikliklərə məruz qalan bir arxa planı - Azərbaycanın təbii şəraitini, şəhər mühitinin lirik ab-havasını görməyə və hiss etməyə imkan verir. Əgər kimsə İslam memarlığı tarixi qalıqlarının yanında parlaq, yeni tikintilərin təzadlı mənzərəsini görmək istəyirsə, Aida Mahmudova, əksinə olaraq, diqqəti şəhər mərkəzlərinin ətrafında olan sadə, lakin formaca mükəmməl tikililərə cəlb edir. Bu tikililər təbiətin təmiz rəngləri ilə qovuşur və vəhdət yaradır. Rəssam bu diqqətdən kənar olan yerdə və bəzən unudulan mənzərələri əsərinin ön planına yerləşdirməklə doğma diyarının müxtəlifliyini təsvir edir. Onun zərif nostalji hissi ilə aşıb-daşan əsərlərində şəhər və Abşeron mənzərələrinə sosial-antropoloji baxışlar öz əksini tapır.

“Yaddaş mənim işimin materialıdır”, – deyən Aida Mahmudova özünün incəsənət əsərlərində dəqiq təhlil apararkən tez-tez bu ifadəni işlədir.

Rəssamın əsərlərinin mərkəzində onun yaddaşı - bu yaddaşın şəxsiyyətlə əlaqəsi və bu iki məfhumun daim dəyişməsi və zaman keçdikcə yenidən yaddaşlara qayıda bilməsi dayanır. Aida Mahmudova deyir: “Rəsmlərimdəki səhnələr mənim üçün şəxsi əhəmiyyətə malikdir. Onlarda Bakıdakı məkanlarla, xatırladığım və təsəvvür elədiyim yerlər bir araya gəlir. Hər mənzərə daim dəyişən arxa plandakı sabitlik anını əks etdirir”. Beləliklə, rəssamın əsərlərində təxəyyül və reallıq arasındakı təzad abstrakt və fiqurativ formaların birləşməsi yolu ilə yaradılır və nəticədə həm cəlbedici olan, həm də çaşqınlıq hissi doğuran rəsmlər meydana çıxır.

Təqdirəlayiq haldır ki, Azərbaycan incəsənətini və mədəniyyətini təmsil edən rəssamın əsərləri Nyu-Yorkun məşhur qalereyalarından birində təqdim edilir. Təbii ki, belə halda Aida Mahmudova Vətəndən kənarda, Amerikada təkcə özünü deyil, həm də Azərbaycanı təmsil etmiş olur. Bu sərginin məhz 28 May - Respublika Günündə açılması da rəmzi məna daşıyır. Doxsan yeddi il əvvəl Yaxın Şərqdə ilk dəfə Azərbaycanda demokratik respublika yaradılıb. O günün şərəfi və əzəməti tariximizə qızıl hərflərlə yazılıb. Bu barədə danışan Aida Mahmudova deyib: “Çox şadam ki, mənim sərgim bu fərəhli günə təsadüf edib”.

Bu üç nöqtəli sərginin adı Aida Mahmudovanın əsərlərində dərin iz buraxmış müxtəlif növ bəşəri perspektivlər, eləcə də rəssamın müşahidəsi ilə yaradıcılıq prosesinə aiddir. “Ötub keçərkən...” görünməyən gözəlliyi kəşf etmək üçün sərgiyə gələnlərin necə ötüb keçdiyini göstərir. Lakin bu, təkcə Məkana deyil, Zamana da aid ola bilər. Yəni Zamanın ötüb keçdiyini təsvir edir, binaların üzərində dağıntıların, çürümənin və dözümlülüyün izlərini dəyişilmiş şəkildə verir. Beləliklə, zamanın işi boyunca həm təbii, həm də süni ünsürlər “ötüb keçir”. Onlar dəyişir, yaddaşımızda yaşayan vaxta qədər dayanmadan yox olub gedir.

Qeyd edək ki, azərbaycanlı rəssam Aida Mahmudova Sent Martins İncəsənət və Dizayn mərkəzi kollecinin məzunudur. Onun əsərləri Bakı ilə yanaşı, dünyanın bir çox ölkələrində geniş sərgilənib. Rəssamın dəniz mənzərələri “VITA VITALE” qrup sərgisinin bir hissəsi kimi 56-cı Venesiya Biennalesində təqdim olunub. Onun heykəltəraşlıq instalyasiyaları və rəsmləri bir çox beynəlxalq sərgilərdə nümayiş etdirilib, dünyanın müxtəlif yerlərində fərdi kolleksiyalarda saxlanılır. Aida Mahmudovanın “Recycled” kompozisiyası Dənizkənarı Milli Parkda nümayiş etdirilir. Heykəltəraşlıq instalyasiyaları və rəsmləri “Here Today” (Old Sorting Office, London), “Sevir-sevmir” (“Love Me, Love Me Not”, 55-ci Venesiya Biennalesi), “Bakıya uçuş” (“Fly To Baku”, London, Paris, Berlin, Moskva, Roma), “Birləşən körpülər” (“Merging Bridges”, Müasir İncəsənət Muzeyi, Bakı) adlı beynəlxalq sərgilərdə nümayiş olunub.

Aida Mahmudova 2011-ci ildən YARAT Müasir İncəsənət Məkanının təsisçisi və bədii rəhbəridir. YARAT ölkəmizdə Azərbaycanda müasir incəsənətin ictimai dərki və incəsənətimizin ölkə daxilində və beynəlxalq səviyyədə təbliği ilə məşğuldur. Sonuncu dəfə 56-cı Venesiya Biennalesində YARAT “Odla suyun birliyi” (“The Union of Fire and Water”) layihəsini təqdim edib.

“Ötüb keçərkən...” sərgisində yer alan əsərlər ilə “Leila Heller” Qalereyasının saytında http://www.leilahellergallery.com/ da tanış olmaq mümkündür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi