“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının yekun tədbiri keçirilib

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının yekun tədbiri keçirilib Bakı. 1 dekabr. REPORT.AZ/ Cəlilabad rayonunda “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının yekun tədbiri keçirilib.
İncəsənət
1 Dekabr , 2018 16:40
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının yekun tədbiri keçirilib

Bakı. 1 dekabr. REPORT.AZ/ Cəlilabad rayonunda “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının yekun tədbiri keçirilib.

Mədəniyyət Nazirliyindən "Report"a verilən xəbərə görə, tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev nazirliyin təşəbbüsü ilə cari ilin iyun-avqust aylarında reallaşan “Bölgələrdən bölgələrə” festivalının əhəmiyyətini yüksək qiymətləndirib.

O bildirib ki, zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqının mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayiş etdirilməsi, bölgələrarası mübadilənin genişləndirilməsi məqsədini daşıyan layihə geniş əks-səda doğurub.

Diqqətə çatdırılıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı bütün ölkəni gəzib. Layihə iyunun 25-dən avqustun 10-dək ardıcıl olaraq hər həftə Mədəniyyət Nazirliyinin 15 regional idarəsinin şəhər və rayonlarında gerçəkləşib. Nazirliyin regional idarələri tərəfindən qurulan festival çadırları yerli sakinlərin və qonaqların marağına səbəb olub.

Vurğulanıb ki, yerli icra orqanlarının da dəstəyi ilə reallaşan bu layihə ilk dəfə ölkəmizin bütün regionlarını əhatə etməklə onların mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə bütöv halında, bir festival meydançasında tanış olmaq imkanı yaradıb.

Nazir festivalın keçirilməsində əməyi olan hər kəsə öz minnətdarlığını bildirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Ə.Qarayev festivalın işinin təşkilinə verdiyi dəstəyə görə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov və Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılova nazirliyin fəxri fərmanlarını təqdim edib.

Regional idarələrin rəislərinə və festivalda fəal iştirak edən kollektivlərə Mədəniyyət Nazirliyinin fəxri fərmanlarını nazir müavini Rafiq Bayramov təqdim edib.

“Bölgələrdən bölgələrə” festivalının yekun tədbirində folklor və rəqs kollektivlərinin, incəsənət ustalarının konsert proqramı nümayiş olunub.

Qeyd edək ki, “100 illik tariximiz” devizi altında reallaşan “Bölgələrdən bölgələrə” festivalına iyunun 25-də Masallı şəhərində (Masallı Regional Mədəniyyət İdarəsi) start verilmişdi. Festival iyunun 26-da Lənkəranda, iyunun 30-da Salyanda (Biləsuvar Regional Mədəniyyət İdarəsi), 1 iyulda Sabirabadda, 7 iyulda Füzuli rayonunun Horadiz şəhərində (Kürdəmir Regional Mədəniyyət İdarəsi), ardınca Ağdamın (Ağcabədi Regional Mədəniyyət İdarəsi) Quzanlı qəsəbəsində (8 iyul), Göyçay (Ağdaş Regional Mədəniyyət İdarəsi) şəhərində (14 iyul), Mingəçevir (Bərdə Regional Mədəniyyət İdarəsi) şəhərində (15 iyul) təşkil olunub. Daha sonra layihənin növbəti mərhələləri iyulun 21-də Göygöl rayonunda (Şəmkir Regional Mədəniyyət İdarəsi), 22-də Naftalan şəhərində (Gəncə Regional Mədəniyyət İdarəsi), iyulun 27-də Oğuz şəhərində (Şəki Regional Mədəniyyət İdarəsi), 28-də isə İsmayıllıda gerçəkləşib. Layihənin son üç tədbiri 3 avqustda Qusarda (Xaçmaz Regional Mədəniyyət İdarəsi), 4 avqustda Sumqayıtda, avqustun 10-da Tovuzda (Ağstafa Regional Mədəniyyət İdarəsi) təşkil olunub. Festivalın tədbirlərində nazirliyin regional idarələrinin hər biri öz guşə-çadırı ilə təmsil olunub.

Son xəbərlər

Orphus sistemi