Xalq artisti rejissor kimi ilk səhnə əsərini hazırlayır

Xalq artisti rejissor kimi ilk səhnə əsərini hazırlayır Bəsti Cəfərova hər kəsi "Nağıllar aləminə" aparacaq
İncəsənət
9 İyun , 2015 17:52
Xalq artisti rejissor kimi ilk səhnə əsərini hazırlayır

Bakı. 9 iyun. REPORT.AZ/ Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Bəsti Cəfərova sənət karyerasında ilk dəfə rejissor kimi tamaşa hazırlayır. Aktrisa bu dəfə sənət meydanını Mədəniyyət və İncəsənət Universitetinin bakalavr və magistr pilləsində oxuyan tələbərinə həvalə edib.

Bu barədə "Report"a açıqlama verən xalq artisti Bəsti Cəfərova ilk dəfə rejissor kimi tamaşa hazırladığını bildirdi:

"Mən aktrisayam və rejissorluq kimi böyük bir iddiam yoxdur. Sadəcə, Mədəniyyət və İncəsənət Universitetində təhsil alan istedadlı tələbələrdən bir neçəsini, həmçinin Milli Dram Teatrında fəaliyyət göstərən Teatr studiyasının gənc aktyorlarını xalq nağılları əsasında hazırladığım "Nağıllar aləmində" tamaşasına cəlb etmişəm. İnanıram ki, 11 nəfərin iştirak etdiyi nağıl-tamaşası tamaşaçıların xoşuna gələcək. Bu tamaşada ilk dəfə olaraq qızım Fidan Cəfərova da çıxış edəcək. Fidan bizim universitetin rejissorluq fakültəsini bitirib. Gənc rejissor kimi bir neçə qısa süjet xətti olan filmlər çəkib. İlk dəfə aktrisa kimi bizim teatrda səhnəyə çıxacaq. Bu təşəbbüsü Milli Dram Teatrının direktoru İsrafil İsrafilov irəli sürüb. Fidanın ilk səhnə təcrübəsi Milli Dram Teatrından başlayacaq. Tamaşaya ən düzgün qiyməti tamaşaçılar verəcək".

Qeyd edək ki, "Nağıllar aləmində" tamaşasını Bəsti Cəfərova Azərbaycan xalq nağılları əsasında hazırlayıb. Tamaşada atalar sözlərindən, el məsəllərindən istifadə edilib. Hazırda teatrda nağıl-tamaşanın əsas məşqi gedir. Tamaşanın premyerasının iyunun 11-də olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi