Yuxarı
    Bağlamaq

    Belçikada Xurşidbanu Natəvanın heykəlinin açılışı olub

    Layihənin reallaşması Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi sayəsində mümkün olub

    Bakı. 18 fevral. REPORT.AZ/ Bu gün Heydər Əliyev Fondunun dəstəyi ilə Belçika Krallığının Vaterlo şəhərində Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimi keçirilib.

    Bu barədə “Report”a Heydər Əliyev Fondundan məlumat verilib.

    Açılış mərasimində çıxış edən Azərbaycanın Belçika Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov qeyd edib ki, bu layihənin reallaşması Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi sayəsində mümkün olub: “19-cu əsrdə yaşamış Xurşidbanu Natəvanın şeirlərinin əsas mövzusu humanizm, xeyirxahlıq, dostluq və sevgi olub. Vaterloda Azərbaycan şairəsi və mütəfəkkiri Xurşudbanu Natəvanın heykəlinin açılışını etmək rəmzi bir hadisədir. Və bu əlamətdar hadisə Azərbaycanla Belçika arasında humanitar əlaqələrdə yeni bir səhifədir”.

    Vaterlo şəhərinin meri Floran Röter çıxışında Azərbaycanla qurulmuş əməkdaşlıqdan məmnunluq ifadə edib və şəhərdə Xurşidbanu Natavanın abidəsinin ucaldılmasının yüksək qiymətləndirib.

    Qeyd edək ki, Xurşidbanu Natəvanın heykəlinin Avropanın tarixində xüsusi rol oynamış, hazırda Belçikanın turizm şəhərlərindən olan Vaterlo şəhər parkında qoyulması Azərbaycan tarixi və mədəniyyətinin dünyada tanıdılması baxımından əhəmiyyətlidir. Şuşada anadan olan Xurşidbanu Natəvanın Belçikada ucalan heykəli, həmçinin Qarabağ xanlığının tarixini özündə təcəssüm etdirir. Heykəlin postamentində “Şərqin müasir maarifçi və şairə qadını Xurşidbanu Natəvan, Qarabağ şahzadəsi, Azərbaycan” sözləri yazılıb. Özündə Qarabağla bağlı qeydi əks etdirən bu abidənin Belçikada ucaldılması Azərbaycan həqiqətlərinin yaşadılması və dünyada tanıdılması istiqamətində aparılan işlərə bir töhfədir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi