Yuxarı

“Baku Fashion Nights 2015” moda gecəsi keçirilib

Tanınmış modelyerlər Bakıda kolleksiyalarını nümayiş etdirir

Bakı. 14 mart. REPORT.AZ/ Martın 13-dən 15-dək Bakıda möhtəşəm moda gecəsi keçirilib. "Report" xəbər verir ki, tədbirdə iştirak etmək üçün tanınmış modelyerlər Bakıya qonaq gəlib. Bu münasibətlə mətbuat konfransı da keçirilib. Konfransda Türkiyənin tanınmış modelyeri Yıldırım Mayruk, Barbaros Şansal, Fəxriyyə Xələfova, Gülnarə Xəlilova, tədbirin təşkilatçısı Lyubov Kuturova və Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva iştirak edib.

Fəxriyyə Xələfova Bakıda möhtəşəm moda tədbirinin keçirilməsinə şad olduğunu deyib: "Nəhayət ki, Bakıda moda həftəsi keçirməyə nail olduq. Mən çox şadam ki, bu tədbirin iştirakçısıyam. Moda nümayişi mürəkkəb şoudur. Teatr və kino qədər mürəkkəbdir. Ona görə də belə tədbirlərin keçirilməsi modelyerlər üçün həm bayram, həm də böyük imtahandır".

Bakının moda mərkəzinə çevrilməsindən şad olduğunu deyən türkiyəli tanınmış modelyer Yıldırım Mayruk 66 ədəd yeni libası ilə moda günlərinin qonağı olacağını bildirib.

Eyni zamanda, mətbuat konfransında iştirak edən hər bir modelyer “Baku Fashion Nights 2015” moda gecəsində nümayiş edəcəyi kolleksiyaları haqqında ətraflı məlumat verib.

Fəxriyyə Xələfova moda kolleksiyasında güzgü parçaları və ipək parçalardan istifadə etdiyini deyib: "Hər bir xanım aynanı sevir. Hər kəs gündə bir neçə dəfə güzgüyə tamaşa edir. Bu baxımdan hər bir qadının ayrılmaz aksessuarı olan güzgülərdən paltarlar hazırlamışam. Həm də çox sevdiyim ipək parçalardan ibarət kolleksiyamı sizlərə təqdim edəcəm. İpək yeganə parçadır ki, xanımları daha zərif, daha incə göstərir". 

Modelyer Gülnarə Xəlilova isə geyim kolleksiyasında toxunma, əl işlərinin nümayiş ediləcəyini bildirib: "Mənim kolleksiyam təbii ipək saplarla toxunmuş libaslardan və özümün əl işlərimdən ibarətdir. 2010-cu ildə Çində keçirilən moda müsabiqəsində "Dünyanın ən gözəl ziyafət geyimi" nominasiyasında toxunma əl işim olan gəlinlik qalib gəlib". 

Türkiyənin tanınmış modelyeri Yıldırım Mayruk da əl işlərinə xüsusi önəm verdiyini vurğulayıb: "Kolleksiyamda 1300 libas var. Hər biri əl işidir. Mən əl işlərinə xüsusi önəm verirəm. Mənim libaslarımın hazırlanmasında dəzgah işindən az hallarda istifadə edilir. Əl işləri daha gözəl, daha zərif olur". 

Elə tanınmış model Günay Musayeva da Türkiyədən xüsusi olaraq Yıldırım Mayrukun kolleksiyasında olan libasları təqdim etmək üçün Bakıya gəldiyini söyləyib.

Tədbirin rəsmi hissəsi mətbuat konfransı ilə başa çatıb.

“Baku Fashion Nights 2015” moda gecəsi ilk olaraq Fəxriyyə Xələfovanın kolleksiyasının açılışı ilə başlayıb. Biri-birindən gözəl olan geyimlər təqdim edilib.

Qeyd edək ki, moda gecəsində “Fashion Couture by Ulker Huseynova” Moda Evinin eleqant kolleksiyası, “Beauttech” salonlar şəbəkəsindən Elnarə Əhmədovanın təqdimatında 2015-ci il dəb tendensiyasına uyğun saç düzümü şousu qonaqlara unudulmaz anlar yaşadıb.

Martın 14-də podiumda Gülnarə Xəlilovanın kolleksiyasından olan geyimlər nümayiş ediləcək.

Martın 15-də azərbaycanlı tamaşaçılar qarşısında Yıldırım Mayruk “Pert-a-Porter” konseptli kolleksiyasını nümayiş etdirəcək.

Xatırladaq ki, tədbirlər axşam saat 20.00-də “Excelsior Hotel Baku” otelində keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi