"Yüksəliş" sənədli filminin təqdimatı keçirilib

"Yüksəliş" sənədli filminin təqdimatı keçirilib Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ekranlaşdırılan film general-leytenant Kərim Kərimovun xatirəsinə həsr edilib
İncəsənət
27 May , 2015 11:01
Yüksəliş sənədli filminin təqdimatı keçirilib

Bakı. 27 may. REPORT.AZ/ Nizami Kino Mərkəzində rejissor, xalq artisti Vasif Babayevin "Salnamə" studiyasında çəkdiyi "Yüksəliş" tammetrajlı sənədli filminin təqdimatı keçirilib. "Report" xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ekranlaşdırılan film görkəmli alim-konstruktor, uzun illər SSRİ Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri olmuş general-leytenant Kərim Kərimovun xatirəsinə həsr edilib.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev filmin Azərbaycanın fəxri olan nadir şəxsiyyətlərdən birinə həsr olunduğunu bildirib: "İki dəfə Sovet İttifaqı qəhrəmanı adına, müxtəlif ordenlərə layiq görülən Kərim Kərimov haqqında çəkilən bu film ilk dəfə geniş ictimaiyyətə təqdim edilir. Xronometrajı 52 dəqiqə olan film özündə bütöv bir insan həyatını əks etdirir. Filmdə 1945-ci ildən 2013-cü ilədək arxivlərdə saxlanılan nadir sənədlərdən istifadə edilməklə yanaşı, Kərim Kərimovun kosmos elminə töhfələri, ulu öndər Heydər Əliyevin Azərbaycanda kosmonavtikanın inkişafı ilə bağlı gördüyü işlər, SSRİ-də kosmonavtikaya həsr edilən ilk konqresin Azərbaycanda keçirilməsinə dair maraqlı kadrlar da yer alıb".

Filmin məsləhətçisi akademik Arif Mehdiyev, moskvalı qonaqlar Valentin Lebedev və Natalya Korolyova Kərim Kərimovun həyat və yaradıcılığı, kosmonavtika elminə töhfələrindən söz açıblar, onunla bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, sadə və təvazökar insan olan Kərim Kərimov Azərbaycanı çox sevirdi və Moskvadakı Azərbaycan diasporu ilə əlaqələrini kəsmirdi. O, hər zaman elmə sədaqətlə xidmət edir, yorulmadan çalışırdı. Uçuşlar, müzakirələr və elmi axtarışlardan usanmayan alim dostlarına da vaxt ayırır və hər kəsin problemi ilə maraqlanırdı.

Rejissor, xalq artisti Vasif Babayev sənədli filmin ərsəyə gəlməsi, çəkiliş prosesi barədə fikirlərini bölüşüb. O, həmçinin 1970-1980-ci illərdə Kərim Kərimovla tanışlığı və görkəmli insan haqqında çəkdiyi ilk sənədli filmin tarixçəsi ilə bağlı xatirələrini də danışıb.

Xatırladaq ki, filmin ideya müəllifi və layihə rəhbərlərindən  biri akademik Arif Paşayev və akademik Arif Mehdiyevdir. Film bir neçə dövrü əhatə edir və müxtəlif illərdə lentə alınmış hadisələri birləşdirir. Çəkilişlər Moskvada, Bakıda və Baykonurda aparılıb. Ekran əsərinin ssenari müəllifi Vasif Babayev, operatorları Valeri Pankratov, Nadir Zeynalov, Elçin Abdullayev, Aleksey Malışev, Sahib Səfərov, 1970-1980-ci illərin xronika operatorları Muxtar Məmmədov, Gennadi Pastuşkov, Zahid Nəzərov, Rafiq Cavadov, Rüstəm Zülalov, redaktoru Yusif Şeyxov, icraçı prodüseri Azad Axundov, prodüserləri Vasif Babayev və Nazim Hüseynovdur.

Son xəbərlər

Orphus sistemi