Yuxarı
    Bağlamaq

    Bakıda "Turan" adlı rəsm sərgisi təşkil olunub

    Boyakarlıq, qrafika janrı, dulusçuluq nümunələri, keramika, keramika üzərində işlənmiş miniatürlər sərgilənir

    Bakı. 8 iyul. REPORT.AZ/ Bakıda Uluslararası Sənətkarlar və Sənətçilər Dərnəyinin təşkilatçılığı ilə "Turan" adlı rəsm sərgisi təşkil olunub.

    "Report"un xəbərinə görə, sərginin təşkilatçısı, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Uluslararası Sənətkarlar və Sənətçilər Dərnəyinin Azərbaycan təmsilçisi İlqar Əkbərov bildirib ki, sərgiyə Türkiyə, Azərbaycan və Qazaxıstan dan ümumilikdə 9 rəssam öz əsərləri ilə qatılıb. Onlardan 4-ü Türkiyə, 3 nəfəri Azərbaycan, qalan ikisi isə Qazaxıstan təmsilçisidir: "Sərginin mövzusu türkdilli xalqların etnoqrafiyası, folkloru, ortaq mədəniyyətini əhatə edir. Hər rəssam sərgiyə 5 əsərlə qatılıb. Azərbaycanı rəssam olaraq mən, rəssam Nailə Soltan, Naxçıvandan Milli Məclisin üzvü, Naxçıvan Rəssamlar İttifaqının sədri Ülviyyə Həmzəyeva təmsil edir. Sərgidə boyakarlıq, qrafika janrı, dulusçuluq nümunələri, keramika, keramika üzərində işlənmiş miniatürlər sərgilənir". 

    O bildirib ki, sərgidə təmsil olunduqları dərnəyin yaranmasında və inkişafında əməkləri olan rəssamlar iştirak edirlər.

    Türkiyənin Mərsin şəhərindən sərgiyə qatılan Nevin Aytəkin bildirib ki, Azərbaycanda sənətə çox böyük önəm verilir: "Burda insanlar sənətlə məşğul olmağa uşaqlıqdan başlayırlar ki, bu da onlarda sənətin sağlam təməl üzərində qurulmasına imkan verir. Bu məsələ mənim diqqətimi çox çəkdi. Kaş ki, mənim vətənimdə də belə olsaydı. Təəssüflər ki, bizdə uşaqlar daha çox lisə təhsilindən sonra sənətə yönləndirilir".

    Türkiyədən olan rəssam Kader Damla türk mədəniyyətini, etnoqrafiyasını özündə əks etdirən bu cür sərginin təşkilinin Azərbaycan və Türkiyə üçün çox böyük önəm daşıdığını deyib.

    Qeyd edək ki, sərgi iyulun 13-dək davam edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi