Bakıda "Səhnədəki Türkiyə" layihəsinin açılış mərasimi olub - FOTO

Bakıda "Səhnədəki Türkiyə" layihəsinin açılış mərasimi olub - FOTO Burhan Öçal və Hüsnü Şənləndirici konsert proqramı ilə çıxış edib
İncəsənət
21 Aprel , 2015 23:45
Bakıda Səhnədəki Türkiyə layihəsinin açılış mərasimi olub - FOTO

Bakı. 21 aprel. REPORT.AZ/ Azərbaycanda Türkiyənin Yunus Əmrə İnstitutunun "Səhnədəki Türkiyə" layihəsinin açılış mərasimi olub.

"Report" xəbər verir ki, konsertdən əvvəl Yunus Əmrə İnstitutunun dünyada, Türkiyədə və Azərbaycandakı işlərini nümayiş etdirən "Xoş bir səda" adlı fotosərginin açılışı olub.

Sərginin açılışından sonra təşkilatçı, Yunus Əmrə İnstitutunun direktor müavini Əbubəkir Ceylan açıqlama verib, Burhan Öçal və Hüsnü Şənləndirici isə mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

Ə.Ceylan açıqlamasında bildirib ki, "məqsədimiz türk incəsənət və mədəniyyətini dünyaya tanıtmaqdır":

"Layihəni dünyanın 40-dan çox ölkəsində reallaşdırmağı planlaşdırırıq. Bakının bizim üçün ayrı bir yeri var, bu səbəbdən də layihəmizə Bakıdan başlamağı qərara aldıq. Bu gün türk sənətinin iki böyük sənətkarını azərbaycanlı sənətsevərlərlə görüşdürmək istəyirik. Ümid edirəm ki, gözəl bir konsert olacaq".

Zərb alətləri ustası Burhan Öçal çıxışında Bakıda olduğu üçün özünü sonsuz dərəcədə xoşbəxt hiss etdiyini bildirib:

"İlk dəfədir Bakıya gəlirəm, belə gözəl həyəcanı çox nadir hallarda yaşamışam. Bu gün Bakını gəzmək imkanım da oldu. Xüsusilə Qız qalasına getdik. Bundan sonra bura tez-tez, hər fürsətdə gəlmək istəyərəm".

Klarnet ustası Hüsnü Şənləndirici bildirib ki, "azərbaycanlılarla aramızda ayrı bir bağlılıq var":

"Azərbaycan hər zaman bizim üçün, xüsusilə Türkiyədəki musiqiçilər üçün ilham mənbəyi olub. Azərbaycan musiqisi Türkiyə musiqisi ilə çox yaxındır. Həmişə albomlarımda bir dənə də olsa Azərbaycan musiqisinə mütləq yer verirəm".

Qeyd edək ki, konsert zamanı musiqiçilər Cahangir Cahangirovun "Ay qız" bəstəsini də səsləndiriblər.

Son xəbərlər

Orphus sistemi