Yuxarı

Bakıda Qalina Dmitrukun "Kukla” art-qalereyasının sərgisi keçiriləcək

Sərgidə müəllifin 9 işi təqdim olunacaq

Bakı. 11 may. REPORT.AZ/ Bakıdakı Muzey Mərkəzində Qalina Dmitrukun “Kukla” art-qalereyası və Muzey Mərkəzinin təşkil etdiyi “Gecə nağılları” adlı müəllif kuklaları sərgisi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, sərgi mayın 13-dən 17-dək davam edəcək.  

Sərgidə müəllifin 9 işi nümayiş etdiriləcək.

Həm Belarus, həm də xaricdə tanınan interyer kukla ustası Qalina Dmitruknin işləri Rusiya, Azərbaycan, Ukrayna, Almaniya, Belçika, Çexiya və İspaniyada bir çox beynəlxalq sərgilərdə nümayiş etdirilib.

Nazirlikdən bildirilib ki, Q.Dmitrukun kuklaları Belarusda hər zaman səbirsizliklə gözlənilir, çünki müəllif öz işlərini doğma vətənində olduqca nadir hallarda sərgiləyir: "Belə ki, onların çoxunu yalnız şəkillərdə görmək olar. Onların, demək olar hamısı dünyanın dörd tərəfinə səpələnib və hazırda İsveçrə, Almaniya, Çexiya, ABŞ, Rusiya, Ukrayna, Belçika, İspaniya, Azərbaycan və digər ölkələrdə əsl incəsənət bilicilərinin şəxsi kolleksiyalarında yer alır.

Kukla dizaynı Belarusda demək olar ki, nisbətən yeni sahədir və on il bundan öncə inkişaf etməyə başlayıb. Qalinanın gənc və ixtisasca jurnalist olmasına baxmayaraq Belarusda o, bu incəsənət sahəsinin banilərindən biri sayılır. Qalina Dmitrukun kuklaları yalnız interyerin bir hissəsi olmaqla qalmayıb, həm də özlərində əks emosiyalarla dolu daxili aləmlərini ehtiva edir.

Müəllifin aktivində olduqca gözəl və digər kuklalara bənzəməyən yüzdən artıq iş var. Qalinanın işləri ilə ənənəvi boşgözlü və qəlbsiz qızılı buruqsaçlı gözəlçələr arasındakı sərt təzad dərhal gözə çarpır. Onun kuklalarının hər birinin öz təkrarsız hekayəsi və taleyi var. Qırıq əl və ayaq xətləri, ifadəli baxışlar, kuklaların donub-qaldığı qeyri-adi duruşlar – bunların hamısı insanı ovsunlayır.

Bakıda keçirilən Beynəlxalq kukla biennalesinin daimi iştirakçısı olan müəllif ölkəmizin paytaxtında keçirilən ilk fərdi sərgisi üçün “Gecə nağılları” adlı xüsusi layihəni belə fikirləşib.

Müəllifin fikrincə, bunun üçün o, demək olar bütün il ərzində Azərbaycanın təkrarsızlığı və ecazkarlığını qadın gözəlliyi prizmasından parlaq şəkildə əks etdirən kuklalar hazırlayıb. O, Bakıya ilk baxışdan aşiq olub və öz əsərlərində bu şəhərin ziddiyyətlərini göstərməyə çalışıb.

“Deniz”, “Əminə”, “Məryam”, “Bella”, “Sara”, “Aylin”, “Sevil” – bir sözlə müasir Şəhrizadlar tamaşaçının diqqətini çəkir, onları öz “Gecə nağılları” ilə valeh edir və xəfif uşaqlıq ətri ilə böyüklər üçün möcüzələr aləminə çəkib aparır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi