Bakıda Meksika kinosu günlərinin açılışı olub

Bakıda Meksika kinosu günlərinin açılışı olub Kino günləri dekabrın 7-dən 11-dək davam edəcək
İncəsənət
7 Dekabr , 2015 20:05
Bakıda Meksika kinosu günlərinin açılışı olub

Bakı. 7 dekabr. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi və Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Meksika kinosu günlərinin açılışı keçirilib.

"Report" xəbər verir ki, kino günlərinin məqsədi Azərbaycan və Meksika arasında mədəni əlaqələri möhkəmləndirmək, Azərbaycan tamaşaçısını qədim və zəngin keçmişə malik Meksika kinosunun yeni nümunələri ilə tanış etməkdir.

Tədbiri Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Ayaz Salayev açaraq, Meksikanın dünyada tarixi ənənələrini yaşadan, adətlərini qoruyan bir ölkə olduğunu bildirib.  

Daha sonra Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Flores Azərbaycan dilində çıxış edərək, ilk öncə dekabrın 4-də "Günəşli" yatağında baş vermiş qəza və çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verib. Səfir Bakıda ilk dəfə Meksika kinosu günlərinin keçirildiyini deyərək, göstərdiyi təşəbbüs və köməyə görə Azərbaycanın Meksikadakı səfirliyinə, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə, Meksika Kinematoqrafiya İdarəsinə təşəkkürünü bildirib.

Bundan sonra “Səfil həyat” filminin nümayişi ilə Meksika kinosu günlərinin açılışı olub.

Dekabrın 11-dək davam edəcək Kino Günləri çərçivəsində - dekabrın 8-də saat 12:00-da “Makario”, dekabrın 9-da saat 12:00-da “Ümid var”, dekabrın 10-da saat 12:00-da “Varislər”, dekabrın 11-də saat 12:00-da isə “Mirvari” bədii filmləri tamaşaçılara təqdim ediləcək.

Xatırladaq ki, Meksika filmlərini Azərbaycan dilinə "Lider" TV-nin dublyaj redaksiyası tərcümə edib.

Filmlərin nümayişinə giriş sərbəstdir.

Son xəbərlər

Orphus sistemi