Yuxarı
    Bağlamaq

    Bakıda darginlərin “qaytağı” bədii tikmə sənəti üzrə sərgi və ustad dərsləri keçiriləcək

    Proqramın məqsədi bu sahədə peşəkar kadrlar hazırlamaq və muzeydə beynəlxalq standartlara cavab verən bərpa mərkəzi yaratmaqdır

    Bakı. 12 avqust. REPORT.AZ/ Azərbaycan Xalça Muzeyi 2016-cı ildə start verilmiş “Azərbaycanın mədəni irsi” layihəsini davam etdirir.

    Muzeydən "Report"a verilən məlumata görə, Azərbaycan xalq yaradıcılığının unudulmuş növlərinin dirçəldilməsi məqsədilə həyata keçirilən bu layihə müxtəlif bədii tikmələr, xovsuz xalça toxunması, mis istehsalı, zərgərlik sənəti, keramika məhsullarının hazırlanması və ölkəmizin mədəniyyəti üçün səciyyəvi olan digər sənət növlərini əhatə edir.

    Sentyabrın 4-dən 20-dək darginlərin “qaytağı” bədii tikmə sənətinə həsr edilmiş mühazirələr və ustad dərsləri keçiriləcək.

    Mühazirələri və ustad dərslərini bədii tikmə və xalq geyimləri sahəsində ekspert, kolleksiyaçı və sərgilərin kuratoru Rayisa İsmayılova aparacaq. R.İsmayılova 1996-cı ildən A.Taxo-Qodi adına Dağıstan Dövlət Birləşmiş Tarix və Memarlıq Muzeyində, sonra 2011-2015-ci illərdə P.S.Həmzətova adına Dağıstan Dövlət Təsviri İncəsənət Muzeyində və Mahaçqala şəhərinin Etnik Mədəniyyət Mərkəzində çalışıb. Çoxsaylı sərgilərin kuratoru və naşirlik layihələrinin rəhbəri olub. Hazırda o, bacısı, sənətşünas və sərgilərin kuratoru Cavhərət Monakova ilə birlikdə müxtəlif sərgilərdə iştirak edir, habelə darginlərin dirçəldilmiş “qaytağı” bədii tikmə sənəti üzrə ustad dərsləri keçirir. Onun antikvar tekstil məmulatından və XIX əsrə aid bədii tikmə nümunələrindən ibarət zəngin kolleksiyası var.

    Məşğələlər Azərbaycan və rus dillərində keçiriləcək. Bu tədbirlərdə iştirak etmək pulsuzdur. Məşğələlər başa çatandan sonra iştirakçılara sertifikatlar veriləcək.

    Ustad dərslərində iştirak etmək üçün tekstil məmulatlarının bərpaçıları və onların konservasiyası üzrə mütəxəssislər, ali məktəb müəllimləri, muzey işini, bərpaçılıq və dekorativ-tətbiqi sənət məsələlərini öyrənən tələbələr və mütəxəssislər dəvət edilir. Ustad dərslərinə yazılmaq üçün sifarişləri carpetmuseum.baku@gmail.com ünvanına göndərmək lazımdır.

    Xalça Muzeyində ustad dərsləri ilə yanaşı, “qaytağı” və “usişi” bədii tikmə nümunələrinin sərgisi də keçiriləcək. Sərginin ekspozisiyasında müasir müəllif işləri ilə bərabər XIX əsrə aid bir neçə bədii tikmə də nümayiş etdiriləcək.

    Parçaların, bədii tikmələrin və milli geyim nümunələrinin bərpası “Azərbaycanın mədəni irsi” layihəsinə daxil olan proqramlardan biridir. Azərbaycan Xalça Muzeyi bu proqramı Azərbaycan Respublikasının UNESCO məsələləri üzrə Milli Komissiyası, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Beynəlxalq Muzeylər Şurasının (İCOM) Azərbaycan Milli Komitəsi ilə birgə həyata keçirir.

    Proqramın məqsədi bu sahədə peşəkar kadrlar hazırlamaq və muzeydə beynəlxalq standartlara cavab verən bərpa mərkəzi yaratmaqdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi