Bakıda Dağıstanın dargin “Kaytaq” tikməsi üzrə sərgi və ustad dərsləri keçiriləcək

Bakıda Dağıstanın dargin “Kaytaq” tikməsi üzrə sərgi və ustad dərsləri keçiriləcək Həmin müddətdə muzeydə kaytaq və usişin tikmə nümunələrindən ibarət sərgi də təşkil olunacaq
İncəsənət
15 Avqust , 2017 16:28
Bakıda Dağıstanın dargin “Kaytaq” tikməsi üzrə sərgi və ustad dərsləri keçiriləcək

Bakı. 15 avqust. REPORT.AZ/ Azərbaycan Xalça Muzeyində sentyabrın 5-21-də “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində Dağıstanın dargin “Kaytaq” tikməsi üzrə mühazirələr və ustad dərslər təşkil olunacaq.

Muzeydən “Report”a verilən məlumata görə, dərslər tikmə və geyim üzrə bərpaçı-mütəxəssis, kolleksioner, müstəqil sərgi kuratoru Raisa İsmayılova tərəfindən keçiriləcək.

R.İsmayılova 1996-cı ildən A.Taxo-Qodi adına Dağıstan Dövlət Birləşmiş Tarix və Memarlıq Muzeyində, 2011-2015-ci illərdə P.S.Həmzətova adına Dağıstan Təsviri İncəsənət Muzeyində və Etnik Mədəniyyət Mərkəzində çalışıb, bir sıra sərgilərin kuratoru və nəşr layihələrinə rəhbərlik edib.

Azərbaycan və rus dillərində təşkil olunacaq ustad dərsləri tam pulsuzdur. Kursda iştirak edən şəxslərə sertifikat veriləcək. Dərslərdə bərpa və konservasiya ilə məşğul olan mütəxəssislər, muzey işi və bərpa, dekorativ-tətbiqi sənət sahələri üzrə təhsil alan tələbələr, müəllimlər və bu sahələrə aidiyyəti olan şəxslər iştirak edə bilərlər.

İştirak etmək istəyənlər [email protected] elektron ünvana müraciət edə bilərlər.  

Bundan başqa, ustad dərslərlə yanaşı, həmin müddətdə muzeydə kaytaq və usişin tikmə nümunələrindən ibarət sərgi təşkil olunacaq. Burada müasir müəllif işləri ilə yanaşı, XIX əsrə aid bir neçə tikmə nümunəsi də təqdim olunacaq.

Qeyd edək ki, parça, tikmə və milli geyimlərin bərpası “Azərbaycanın mədəni sərvəti” layihəsinin bir proqramıdır. Proqram YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Xalça Muzeyi və ICOM Azərbaycan Milli Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Proqramın məqsədi bu sahə üzrə yeni kadrların hazırlanması və muzeydə müasir, beynəlxalq standartlara cavab verən bərpa mərkəzinin yaradılmasıdır.

Son xəbərlər

Orphus sistemi