Bakıda Amerikanın "Break of reality" qrupunun konserti olub

Bakıda Amerikanın "Break of reality" qrupunun konserti olub Səfir: "Musiqi hamının anlaya biləcəyi hərtərəfli ünsiyyət vasitəsidir"
İncəsənət
12 Mart , 2015 00:19
Bakıda Amerikanın Break of reality qrupunun konserti olub

Bakı. 12 mart. REPORT.AZ/ Bakı Caz Mərkəzində Amerikanın məşhur "Break of reality" violonçelist-rok qrupunun konserti olub.

"Report" xəbər verir ki, kollektiv Bakıda ABŞ Dövlət Departamentinin "Amerika musiqisi xaricdə" proqramı çərçivəsində çıxış edib.

Konserti açıq elan edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib ki, "musiqi hamının anlaya biləcəyi hərtərəfli ünsiyyət vasitəsidir və mədəniyyət körpüləri qurmağa, insanları birləşdirməyə kömək edir".

"Break of Reality" qrupunun tərkibinə üç violonçelist və bir zərbçi daxildir. Kollektiv 2003-cü ildə Nyu-York ştatı, Roçester şəhərinin prestijli İstmen müsiqi məktəbi yanında yaradılıb.

Qrup Amerika ilə yanaşı onun hüdudlarından kənarda da, çoxsaylı konsertlərlə çıxış edib.

Konsert zamanı musiqiçilər həm klassik, həm də rok bəstələri ifa ediblər. Bundan əlavə, "Break of reality" qrupu Azərbaycan musiqiçiləri ilə bərabər xalq mahnısı "Ay Laçın", həmçinin məşhur bəstəkar Tofiq Quliyevin "Sənə də qalmaz" bəstəsini ifa ediblər ki, bu da tamaşaçılar tərəfindən müsbət qarşılanıb.

Musiqiçilərin sözlərinə görə, Azərbaycan musiqisini ifa etmək təcrübəsi onların xoşuna gəlib.

"Biz eksperiment etməyi və müxtəlif musiqi janrlarını, həmçinin milli musiqini bir-birinə qatmağı xoşlayırıq. Bu təcrübə bizim üçün olduqca maraqlı oldu", - deyə qrupun violonçel ifaçılarından biri olan Patrik Lerd jurnalistlərə bildirib.

Qeyd edək ki, kollektiv Azərbaycanda Bakı, İsmayıllı, Qəbələ, Mingəçevir, Zaqatala və Şəkidə konsert proqramları ilə çıxış edəcək. Onlar konsertlərlə yanaşı yerli musiqiçilər üçün ustad dərsləri də keçəcəklər.

Son xəbərlər

Orphus sistemi