Yuxarı
    Bağlamaq

    ​“Bakı sübhdən günbatanadək” sənədli filminin təqdimat mərasimi keçiriləcək

    Filmin nümayişi fevralın 18-də Nizami Kino Mərkəzində baş tutacaq

    Bakı. 10 fevral. REPORT.AZ/ Bu il fevralın 18-də Nizami Kino Mərkəzində "Bakı sübhdən günbatanadək" tammetrajlı sənədli filminin təqdimat mərasimi keçiriləcək.

    "Report"un məlumatına görə, bu barədə Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.

    Məlumata görə, film 21 avqust - 7 sentyabr 2014-cü il tarixlərində Bakı şəhərində keçirilmiş "Dünya sübhdən günbatanadək" layihəsi çərçivəsində hazırlanıb və təqdimat mərasimində iştirak etmək üçün Polşadan layihənin müəllifləri və prodüserləri də dəvət olunublar.

    Layihə dünyanın müxtəlif şəhərlərindəki kino məktəblərinin tələbələrinə və gənc rejissorlara silsilə seminarların keçirilməsinə əsaslanmaqla bir neçə həftəlik kurs müddətində tələbələr müəllimlərin nəzarəti altında qısametrajlı sənədli filmlər kolleksiyası üzərində birgə çalışıblar. Nəticədə şəhərin canlı təsviri kimi 60 dəqiqəlik sənədli film istehsal olunub.

    Qeyd edək ki, layihə bu günə qədər 12 şəhərdə - Minsk, Kiyev, Moskva, Pekin, Tokio (2011), Tbilisi, Yerevan, Kişinyov, Bıdqoş (2013), Bakı, İstanbul və Kəlküttədə (2014) həyata keçirilib.

    Layihənin tərəfdaşları Polşanın Adam Mikiyeviç İnstitutu, Polşa Kino İnstitutu, TVP 2 Polşa Milli Televiziyası, Belsat kanalı, Polşa Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və "Azanfilm" studiyasıdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi