Bakı metropolitenində Azərbaycan filmlərindəki fotolardan ibarət sərgi açılıb

Bakı metropolitenində Azərbaycan filmlərindəki fotolardan ibarət sərgi açılıb Sərgidə 78 filmdən kadrlar və kadrarxası maraqlı fotolar yer alıb
İncəsənət
15 İyul , 2016 15:28
Bakı metropolitenində Azərbaycan filmlərindəki fotolardan ibarət sərgi açılıb

Bakı. 15 iyul. REPORT.AZ/ "Gənclik" stansiyasının keçidlərində Azərbaycan filmlərindəki fotolardan ibarət sərgi açılıb.

Bu barədə "Report"a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.

Tədbir “Bakı Metropoliteni” QSC-nin təşkilatçılığı və "Lenovo" şirkətinin sponsorluğu ilə “Metro Gallery” layihəsi çərçivəsində baş tutub. 

Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də Azərbaycan Dövlət Film Fondunun dəstəyi ilə keçirilən sərgi 2 avqust - Azərbaycan Kinematoqrafiyası Gününə həsr olunub. Sərgidə "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov, mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev, Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Arif Mərdanov, xidmət şöbəsinin rəisi Lalə Babayeva, Mədəniyyət və Turizm Nazirliyinin və film fondunun nümayəndələri, həmçinin tanınmış mədəniyyət nümayəndələri - görkəmli rejissor, xalq artisti Vasif Babayev, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının baş operatoru, əməkdar incəsənət xadimi Kənan Məmmədov, tanınmış aktyor, əməkdar artist Şamil Süleymanov iştirak edib.

N.Paşayev metronun təmirdən çıxmış keçidlərində təşkil edilən bu tipli tədbirlərin "Bakı Metropoliteni" QSC-nin artıq mütəmadi reallaşdırdığını və bu tədbirlərin sosial yönümlü proqramlarının tərkib hissəsi olduğunu bildirib: “Metronun paytaxtın kütləvi ictimai nəqliyyat vasitəsi olduğunu nəzərə alaraq, məşhur filmlərimizi, rolları ilə ölməzlik qazanmış aktyorlarımızı hər kəsə dərhal xatırladacaq fotoları təqdim etməkdə məqsədimiz mədəniyyətimizə özünəməxsus töhfə verməkdir”

Sərgidə 78 filmdən 92 kadrlar və kadrarxası maraqlı fotolar yer alıb. Bu layihə 6 ay davam edəcək.

Xatırladaq ki, bu, keçidləri yeniləşdirilmiş "Gənclik" stansiyasında keçirilən ilk belə aksiya deyil. 2015-ci il iyulun 15-dən burada fotoəsərlərdən ibarət sərginin nümayişi başlanmışdı. Həmin layihə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən ənənəvi “İlin fotoqrafı” mükafatlandırma mərasimində, 2015-ci ilin yekunlarına əsasən, "İlin layihəsi" nominasiyasının qalibi elan olunub. 

Son xəbərlər

Orphus sistemi