Bakı Dövlət Sirkində ilanlı, timsahlı "Ekstremal Qış" başlayır - REPORTAJ

Bakı Dövlət Sirkində ilanlı, timsahlı "Ekstremal Qış" başlayır - REPORTAJ Proqramın tərkibində 30-dan artıq sirk artisti var
İncəsənət
29 Dekabr , 2017 16:53
Bakı Dövlət Sirkində ilanlı, timsahlı Ekstremal Qış başlayır - REPORTAJ
Report/Frir Salim

Bakı. 29 dekabr. REPORT.AZ/ Bakı Dövlət Sirkində "Ekstremal Qış" şousu başlayır.

"Report"un əməkdaşları sirkə gedərək proqramın hazırlıqları ilə tanış olublar.

Binaya daxil olarkən bizi Bakı Dövlət Sirkinin mətbuat katibi Mahir Hümbətov qarşıladı. Tamaşa zalından gələn musiqidən artıq məşqlərə başlanıldığı aydın olurdu.

Mahir Hümbətov qeyd etdi ki, sirk proqramı dekabrın 29-dan yanvarın 7-nə kimi fasiləsiz nümayiş olunacaq: "Rusiya və Ukraynanın sirk artistlərindən və sirk nömrələrindən yığılmış xüsusi proqramdır. İki saat davam edəcək proqram janr etibarilə çox rəngarəngdir. Motosikletçilərin dəmir şar içərisində göstərəcəyi moto-şou proqramın xüsusi nömrələrindən biridir. Bunlarla yanaşı, şouda timsahlar, ilanlar və digər heyvanlar da olacaq".

İpə-sapa yatmayan keçilər

Səhnədə ilk olaraq proqramın rəmzi olan Şaxta Baba və Qar Qız peyda olur. Onlar hər kəsi salamladıqdan sonra proqramın qonaqlarını növbə ilə dəvət edirlər. Səhnəyə illuziyaçı dəvət olunur. Həqiqətən onun nümayiş etdirdiyi nömrələr görülməyə dəyər. Proqramın ayrılmaz hissəsi olan Şən Kloun da nümayişdə yer alıb. Daha sonra meymunların şousu başlanır. Müxtəlif cinsdən olan meymunlar səhnədə öz məharətlərini nümayiş etdirirlər. Meymunlardan sonra səhnəyə ipə-sapa yatmayan keçilər dəvət olunur. Bir müddət sonra onlar nömrələrin aparıcılarından biri ilə tamaşaçılar əyləşən yerlərə doğru qalxmağa başladılar. Həyəcanlı, eyni zamanda gülməli anlar yaradan bu səhnənin ardınca pişiklərin şousu başlayır.

Həyəcan dolu anlar

Proqramda akrobatların şousu xüsusi yer tutur və onların nömrələri izlənməyə dəyər şoulardan biridir. Xüsusilə də nömrənin sonunda akrobatın olduqca yüksəkdən özünü atması insana həyəcan dolu anlar yaşadır.

Rusiyadan gələn azərbaycanlı akrobat

Proqramın tərkibində 30-dan artıq sirk artisti var, onlardan biri azərbaycanlı Orxan Əhmədovdur. 

O, 5 ildir bu işlə məşğul olduğunu bildirdi: "İşə Moskva Nikulin Sirkində başlamışam. Azərbaycanda çıxış etməyi çox istəyirdim, axır ki, arzum reallaşdı. Adətən, ayrı-ayrı kollektivlərlə işləyirəm. Bu sənəti atamdan öyrənmişəm. Bir çox ölkələrdə çıxışlarım olub".

Qeyd edək ki, şou üçün biletlərin qiyməti sırasından asılı olaraq 10-20 manat arasında dəyişir. Biletləri Bakı Dövlət Sirkinin kassalarından hər gün saat 10:00-dan 20:00-dək əldə etmək olar.

Foto: Firi Salim

Son xəbərlər

Orphus sistemi