Bakı Dövlət Sirki: "Dağlıq Qarabağa qanunsuz səfər edən heç bir sirk kollektivi Bakıya dəvət edilə bilməz"

Bakı Dövlət Sirki: "Dağlıq Qarabağa qanunsuz səfər edən heç bir sirk kollektivi Bakıya dəvət edilə bilməz" "Onların işğal altında olan Dağlıq Qarabağda çıxış etmələrini qəti şəkildə pisləyirik"
İncəsənət
6 Noyabr , 2015 12:10
Bakı Dövlət Sirki: Dağlıq Qarabağa qanunsuz səfər edən heç bir sirk kollektivi Bakıya dəvət edilə bilməz

Bakı. 6 noyabr. REPORT.AZ/ "Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər edən heç bir sirk kollektivi Bakı Dövlət Sirkinə (BDS) dəvət edilə bilməz. Nəinki hansısa bir sirk truppası, hətta Dağlıq Qarabağa səfər edən hansısa sirk artistinin Bakı Dövlət Sirkinin səhnəsində çıxışı mümkünsüzdür".

Bunu "Report"a Bakı Dövlət Sirkinin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov Sankt-Peterburqun "İmperial" şapito-sirkinin Dağlıq Qarabağa qastrol səfərinə gedəcəyi barədə xəbərlərə münasibət bildirərkən deyib.

O, belə sirk truppaları ilə heç bir əməkdaşlıqlarının olmadığını və bundan sonra da olmayacağını bildirib: "Həmin sirk truppası özəldir. Fərdi şəkildə fəaliyyət göstərirlər. Onların işğal altında olan Dağlıq Qarabağda çıxış etmələrini Bakı Dövlət Sirki olaraq qəti şəkildə pisləyirik".

Qeyd edək ki, mətbuatda yayılan xəbərlərə görə, noyabrın 6-dan 15-dək Sankt-Peterburqun "İmperial" şapito-sirki Dağlıq Qarabağa qastrol səfərinə gəlməyi planlaşdırıb. Bu səfərlə bağlı olaraq, Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğu şəhərin administrasiyasına etiraz məktubu göndərib.
Xatırladaq ki, Sankt-Peterburqun "İmperial" şapito-sirki 1877-ci ildə yaradılıb. 2005-ci ildən isə, özəl müəssisə kimi fəaliyyət göstərir və Böyük Sankt-Peterburq dövlət sirki tərkibindəki şapito-sirkinə daxil deyil.

Son xəbərlər

Orphus sistemi