Yuxarı

Azərpaşa Nemət "Ölülər" əsərinə quruluş verəcək

Milli Dram Teatrında tamaşanın ilk məşqi keçirilib

Bakı. 3 fevral. REPORT.AZ/ Akademik Milli Dram Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb.

"Report" xəbər verir ki, teatrın bədii rəhbəri və direktoru, xalq artisti Azərpaşa Nemət Cəlil Məmmədquluzadənin "Ölülər" tragikomediyasını yeni quruluşda səhnəyə qoyacaq. 

Artıq tamaşanın ilk məşqi keçirilib.

A.Nemətin quruluş verdiyi tamaşada maraqlı aktyor ansamblı yer alıb. Azərbaycan səhnəsinin bu dəfəki Kefli İsgəndəri aktyor Anar Heybətov və Elnar Qarayev, Şeyx Nəsrullah isə xalq artisti Nurəddin Mehdixanlı olacaq.

Hacı Həsən ağanı əməkdar artistlər Kazım Abdullayev, Əli Nur, Kərbalayi Fatmaxanım obrazını xalq artisti Laləzar Mustafayeva və əməkdar artist Hicran Nəsirova, Nazlını Xədicə Novruzlu, Aygün Baxışlı ifa edəcək.

Tamaşada görkəmli bəstəkar Qara Qarayevin musiqilərindən istifadə olunacaq. "Ölülər" əsərinin quruluşçu rəssamı isə əməkdar rəssam Elçin Aslanov olacaq. 

Teatrdan bildirilib ki, Azərbaycan klassik ədəbiyyatının ən görkəmli əsərlərindən biri olan "Ölülər" tragikomediyasının yenidən Milli Dram Teatrında tamaşaya hazırlanması teatr aləmində hadisədir. Sonuncu dəfə Milli Dram Teatrında "Ölülər" əsərinə xalq artisti, rejissor Mərahim Fərzəlibəyov quruluş verib.

Qeyd edək ki, "Ölülər" A.Nemətin Milli Dram Teatrının bədii rəhbəri və direktoru təyin edildikdən sonra səhnəyə qoyacağı ilk tamaşadır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi