Azərbaycanlı pianoçu Kardinal Reşelye adına tarixi Amfiteatrda konsert verib

Azərbaycanlı pianoçu Kardinal Reşelye adına tarixi Amfiteatrda konsert verib Səidə Zülfüqarova Sorbon Universitetinin səhnəsində tanınmış tarzən Sahib Paşazadə ilə birgə çıxış edib
İncəsənət
10 İyun , 2015 19:27
Azərbaycanlı pianoçu Kardinal Reşelye adına tarixi Amfiteatrda konsert verib

Bakı. 10 iyun. REPORT.AZ/ Azərbaycanın klassik musiqi ifaçısı, pianoçu Səidə Zülfüqarova Sorbon Universitetinin səhnəsində tanınmış tarzən Sahib Paşazadə ilə birgə “Klassik üslubda ənənələr” (Les Traditions en mode classique) adlı konsert proqramı ilə çıxış ediblər. Bu barədə "Report"a Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) məlumat verilib.

Azərbaycanlı sənətçilərin uğurlu dueti 200-dən artıq parisli musiqisevərləri valeh edib. Konsert iyunun 8-də Sorbon Universitetinin ən görkəmli tələbəsi və daha sonra direktoru olan Kardinal Reşelye adına tarixi Amfiteatrda baş tutub.

Konsert Səidə Zülfüqarovanın irəli sürdüyü təşəbbüs əsasında Sorbon Universitetinin Mədəniyyət Xidməti, Azərbaycanın Fransadakı səfirliyi və Avropa Azərbaycan Cəmiyyətinin Fransa nümayəndəliyi tərəfindən birgə əməkdaşlıq şəraitində təşkil edilib.

Konsertin rəsmi hissəsində Avropa Azərbaycan Cəmiyyətinin Fransa nümayəndəliyinin rəhbəri Mari-Letitia Gourdin, Azərbaycanın Fransadakı səfirliyinin birinci katibi Ayaz Qocayev çıxış ediblər. Natiqlər Azərbaycanın zəngin mədəniyyəti olan bir ölkə, həm regional, həm də beynəlxalq aləmdə mühüm yer tutmasından geniş bəhs ediblər. Bildirilib ki, Azərbaycan, 2001-ci ildən Avropa Şurası kimi bir çox beynəlxalq təşkilatların üzvüdür, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramının iştirakçısıdır, 12-28 iyun tarixlərində “Bakı 2015” I Avropa Oyunlarına ev sahibliyi edəcək.

Konsertdə Zülfüqarova-Paşazadə dueti Astor Piazzollanın nisgilli “Oblivion” əsərini, Jorj Bizenin “Karmen” uvertürasını, Vittorio Montinin “Czardas”, əsərini, həmçinin Fərhad Bədəlbəylinin “Şuşa” əsərini və Ramiz Rzaevin “Çahargah” rapsodiyasını ifa ediblər.

Xatırladaq ki, Bakıda anadan olmuş pianoçu Səidə Zülfüqarova musiqi dərslərinə yeddi yaşından başlayıb. O, Üzeyir Hacıbəyov adına Musiqi Akademiyasında təhsil alıb, piano müəllimi və konsertmeyster ixtisasına yiyələnib. Bir çox milli müsabiqələrin qalibi olan xanım Zülfüqarova Parisdə Paris IV Sorbon Universitetində Musiqişünaslıq üzrə ali təhsil və magistr dərəcəsi alıb. Onun diplom işi Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin yaradıcılığına həsr olunub. Fransanın Provans vilayətinin Pauline Viardot Konserfatoriyasının professoru olan Səidə Zülfüqarova Fransa Dövlət Diplomuna layiq görülüb.

Son xəbərlər

Orphus sistemi