Yuxarı
    Bağlamaq

    Azərbaycanlı gənclər Rusiyada ali kino təhsili ala biləcəklər

    Kinematoqrafçılar İttifaqı və Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının iştirakı ilə seçim komissiyası yaradılıb© Report.az

    Bakı. 25 aprel. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi, Kinematoqrafçılar İttifaqı və Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası Rusiyada ali kino təhsili almaq arzusunda olan gənclərə müraciət edib.

    "Report"un məlumatına görə, Nizami Kino Mərkəzində bununla bağlı keçirilən mətbuat konfransında qeyd edilib ki, Ümumrusiya Kinematoqrafiya Universiteti (VQİK) ilə danışıqlar nəticəsində bir neçə kino ixtisası üzrə nazirliyin vəsaiti hesabına bakalavr səviyyəsində 5 illik rus dilində təhsil almaq üçün bu il kino və televiziya rejissoru (2 yer), kinooperator (2 yer) və animasiya və kompüter qrafikası rejissoru (1 yer) ixtisasları üzrə gənclərin oxumağa göndərilməsi planlaşdırılır.

    Nazirliyin Kino şöbəsinin sektor müdiri Yusif Şeyxov bildirib ki, xaricdə kino təhsili almaq istəyən gənclərin sayı kifayət qədərdir: "Lakin maliyyə məsələsinə görə, onların bu istəyi reallaşa bilmirdi. İndi isə dövlət tərəfindən təhsil haqqının ödənilməsi onların arzularının gerçəkləşməsinə zəmin yaradacaq. Xaricdə, o cümlədən Avropa ölkələrində, xüsusilə də Türkiyədə bu sahə ilə bağlı təhsil alan gənclər var. Onlar da müəyyən sahələrdə öz işlərini davam etdirirlər".

    Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyanın direktoru Müşfiq Hətəmov isə qeyd edib ki, kino sahəsində peşəkar kadrlara hər zaman ehtiyac var: "Çünki bu sahədə əsas yük onların üzərlərinə düşür. Xarici kurslara gənclərimizi göndərmişik. Kommersiya filmləri ilə müəllif filmlərinin düzgün qiymətləndirilməməsi bəzən kadr çatışmazlığını ortaya çıxarır. Ancaq istedadlı kadrlar kinonu yaxşı şəkildə ortaya çıxara bilər. Gənclər İranda farsca təhsillərini davam etdirməkdə çətinlik çəkirlər. Bu problem olmasaydı, mütləq şəkildə gənc kadrlamızı İran kinosu ilə tanış etmək istərdik. İran kinosundan mütləq şəkildə bəhrələnmək lazımdır".

    Qeyd edək ki, daha hazırlıqlı namizədləri müəyyən edib, onları Moskvaya qəbul imtahanlarına göndərmək məqsədi ilə Kinematoqrafçılar İttifaqı və Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının iştirakı ilə seçim komissiyası yaradılıb. Namizədlər üçün məsləhət saatları təyin olunacaq. Bütün məlumatlar Ümumrusiya Kinematoqrafiya Universitetinin rəsmi saytında (www.vgik.info) qeyd olunub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi