Yuxarı

Azərbaycanlı dirijor "Uğur və Şöhrət" mükafatına layiq görülüb

Dirijor Elşad Bağırov Türkiyədə mükafat verilib

Bakı. 29 iyun. REPORT.AZ/ İstanbul Opera və Balet Teatrının baş dirijoru, Azərbaycanın əməkdar incəsənət xadimi Elşad Bağırov Türkiyənin Semiha Berksoy Opera Vəqfinin "Uğur və Şöhrət" mükafatına layiq görülüb. "Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Türkiyədə incəsənət aləminin mötəbər mükafatları sırasına daxil olan "Uğur və Şöhrət" mükafatı opera sənəti sahəsində bacarıq və istedadı ilə seçilən, həyatını bu sənətə həsr edən insanlara təqdim edilir. Azərbaycanlı dirijor Elşad Bağırov bu mükafata opera sənəti sahəsində uzun illər ərzində fəaliyyətinə, qardaş ölkənin opera və balet sənətini böyük uğurla təmsil etdiyinə görə layiq görülüb.

Semiha Berksoy Opera Vəqfi və münsiflər heyəti yaradıcılığını Türkiyə opera və balet sənətinin inkişafına həsr edən soydaşımıza bu mükafatı təqdim etməkdən böyük fəxr duyduğunu ifadə edib. 

Mükafatın təqdimat mərasimi Bakıda keçirilən I Avropa Oyunlarına təsadüf etdiyi üçün dirijor həmin vaxt doğma şəhərdə Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə, Avropa Oyunları münasibətilə tərtib olunan mədəni proqramda iştirak edib. Dirijorun Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə birgə konserti anşlaqla keçib. Bu səbəbdən "Uğur və Şöhrət" mükafatı Türkiyədə dirijorun xanımı Züleyxa Qarayeva- Bağırovaya təqdim edilib. Qeyd edək ki, İstanbul Dövlət Opera və Balet Teatrında 1986-cı ildən fəaliyyət göstərən Elşad Bağırov indiyədək 35 premyeraya dirijorluq edib. Bu sırada azərbaycanlı bəstəkarların əsərləri də yer alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi