Yuxarı

Azərbaycanlı dirijor beynəlxalq müsabiqənin qalibi olub

Münsiflər heyətinin qərarı ilə birinci yeri Orxan Haşımov tutub

Bakı. 5 fevral. REPORT.AZ/ Budapeştdə macar-amerikan bəstəkarı və dirijor Antal Dorati adına beynəlxalq dirijorluq müsabiqəsi keçirilib.

"Report" xəbər verir ki, Ferens List Musiqi Akademiyasının professoru, pianoçu və dirijor Tamaş Başarinin rəhbərlik etdiyi, tərkibinə İtaliya, Fransa, Polşa musiqiçiləri daxil olan münsiflər heyəti dünyanın müxtəlif ölkələrindən gəlmiş 30 ifaçının musiqi duyumunu və dirijorluq məharətini qiymətləndirib.

Budapeştdəki İtalyan Mədəniyyət Mərkəzinin Cüzeppe Verdi zalında keçirilən yekun konsert qalibləri müəyyən etməyə imkan yaradıb. Münsiflər heyətinin yekdil qərarı ilə birinci yeri Orxan Haşımov (Azərbaycan) və Oliver Oşanin (Fransa), ikinci yeri isə Joost Smeets (Hollandiya) tutub.

Müsabiqə iştirakçıları Budapeşt Simfonik Orkestrinin müşayiəti ilə Pyotr Çaykovskinin, Klod Debüssinin, Bela Bartokun, Andrea Potreranın və İohann Bramsın əsərlərini səsləndiriblər.

Gənc azərbaycanlı dirijor məharətli ifa tərzi və yüksək artistizmi ilə də tamaşaçıların böyük rəğbətini qazanıb.

Müsabiqənin qalibinə diplom və pul mükafatı təqdim edilib. O.Haşımov həmçinin 2016-2017-ci ildə Budapeşt Simfonik Orkestri ilə Macarıstan paytaxtında və məşhur Esterhazi qəsrində, "İtalyan virtouzları" silsiləsindən Verona simfonik orkestri ilə İtaliyada (Verona), Fridrix Şopen adına Polşa-Baltika filarmoniya ansamblı ilə Polşada (Qdansk) konsert proqramları ilə çıxış etmək üçün dəvət alıb. Qalib statusu eyni zamanda gənc musiqiçinin qarşısında İncəsənət xadimlərinin Beynəlxalq agentliyi ilə əməkdaşlıq üçün yeni imkanlar açıb.

Qeyd edək ki, nüfuzlu beynəlxalq müsabiqənin qalibi adına layiq görülən Orxan Haşımov 1995-ci ildə Bakıda anadan olub. Hazırda P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsil alır. Tez-tez Rusiya paytaxtında klassik musiqi konsertlərinin dirijoru kimi çıxış edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi