Azərbaycanlı bərpaçı-rəssam: "Türkiyədə iki ədəd olan tarixi "tilsimli köynək"dən birini bərpa etmişəm" - MÜSAHİBƏ - VİDEO

Azərbaycanlı bərpaçı-rəssam: "Türkiyədə iki ədəd olan tarixi "tilsimli köynək"dən birini bərpa etmişəm" - MÜSAHİBƏ - VİDEO "Uzun illər torpaqda qalaraq çürümüş "Qurani Kərim”ə yenidən həyat verdik"
İncəsənət
13 Oktyabr , 2018 09:17
Azərbaycanlı bərpaçı-rəssam: Türkiyədə iki ədəd olan tarixi tilsimli köynəkdən birini bərpa etmişəm - MÜSAHİBƏ - VİDEO

"Qurani-Kərim"in bərpasına görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan "Təşəkkürnamə" aldım

İstanbul. 13 oktyabr. REPORT.AZ/ Onlar tarixə yenidən nəfəs verənlər, tarixin həkimləridir. Söhbət bərpaçı-rəssamlardan gedir. Bu peşə dəqiqlik, səbr və sevgi tələb edir. Elə Azərbaycanı qardaş ölkədə - Türkiyədə təmsil edən bərpaçı-rəssam Rəqsanə Həsənova da bu sənətin sirlərini öyrətmək üçün gəldiyi Türkiyədə bu gün həsaslıqla qorunan bir çox tarixi əsərlərin bərpaçısıdır. O, “Report”un Türkiyə burosuna sənəti və yaradıcılığı ilə bağlı müsahibə verib.

- Bir az özünüz haqqında məlumat verərdiniz...

- Mən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından “İncəsənət əsərlərinin bərpası və ekspertizası” ixtisası üzrə məzun olmuşam. Azərbaycanda bu sahədə ilk mütəxəssis kimi, bərpaçılıq sənətinin əsasını qoyan peşəkar bərpaçı-rəssam Fərhad Hacıyevin tələbəsiyəm. Bir müddət Azərbaycan Turizm Universitetində dərs demişəm. Beş il öncə isə Türkiyəyə bu peşəni tərdris etmək üçün dəvət olundum və Batman Universitetində “Mədəni mirasların bərpası və yenilənməsi” ixtisası üzrə müəllim işləməyə başladım. Həmin dövrdə tələbələrimlə birliktə Batmanda Türkiyənin ən mühüm tarixi miraslarından biri olan, 12 min illik tarixi keçmişə malik qədim Hasankeyf şəhərindəki qazıntılar zamanı çox böyük uğurlar əldə etdik. Daha sonra İstanbul Aydın Universitetində bu sənətin incəliklərini tələbələrə öyrətdim. Hazırda Türkiyənin dörd bir yanında yüzlərlə tələbəm var. Təbii ki, azərbaycanlı mütəxəssis kimi, bundan böyük qürur duyuram. Bizim peşəmiz müqəddəs sənətdir. Əslində, həkimliklə eynidir desəm, yalan olmaz. Çünki biz tarixin həkimiyik. Onlar insanları, biz isə tarixi əsərləri müalicə edirik. Biz sahiblərindən sonra onlara toxunan ikinci insanıq. Bu hissin fərqliliyini və gözəlliyini sözlə ifadə edə bilmərəm. Bizim işimiz olduqca çətindir, kimyəvi maddələrlə incəliklə və səbrlə işləmək heç də asan deyil. Mən Azərbaycanı burada layiqincə təmsil etdiyimə görə qürur duyuram.

- Bu gün çox mühüm tarixi abidələrdən sayılan Validə Xədicə Turhan Sultan türbəsinin bərpasına cəlb olunmuş qrupa rəhbərlik edirsiniz. Sizcə, Osmanlı sultanlarının ailə üzvlərinin uyuduğu ən böyük qəbiristanlıqda işləmək necə hissdir?

- Mən Vətənimdə aldığım təhsillə çox çətin olan bərpa sənətinin incəliklərini Osmanlı mirasına tətbiq etməyin qürurunu yaşayıram. Bura Osmanlı sülaləsinin ən böyük qəbiristanlığıdır. Türbədə sultanlara məxsus 84 məzar var. IV Mehmet, III Osman, II Mustafa, III Ahmed və I Mahmud türbələri də bu qəbiristanlıqda yerləşir. Validə Xədicə Turhan Sultan İbrahimin həyat yoldaşı, Sultan IV Mehmetin də anasıdır. Bu qəbiristanlıqda onların ailəsinin üzvləri olan hər yaşda qəbirlər var. Restavrasiya işlərində ardıcıllıq çox önəmlidir. Biz əvvəlcə əsərə baxırıq, sonra layihə hazırlanır və hansı işlərin görüləcəyinin siyahısı tutulur. Bizim hədəfimiz tarixi əsərə minimum zərər yetirməkdir. Hətta bizim bir şüarımız var: "Əsla zərər vermə". Tarixi əsəri olduğu kimi saxlamaq daha məqsədəuyğundur, ancaq zərər vermək olmaz. Bu səbəbdən tarixi abidəni "xəstəliklər"dən təmizlədikdən sonra bir də konservatsiya edirik. Bu qəbiristanlıqda 1970-ci illərdə bərpa işləri aparılıb. Ancaq onun arxivi olmadığından hansı maddələrdən istifadə olunduğu, bərpa işlərinin necə aparıldığı haqqında məlumatlı deyilik. Ona görə də analizlərimiz bir qədər uzun çəkəcək.

- Bəs Osmanlı İmperiyasından geriyə qalan bu möhtəşəm tarixdə diqqətçəkən nələr var?

- Tarixin qoxusu, həmin illərin nəfəsi, rəngi, ruhu, bir sözlə, hər şey bu əsərlərin içərisinə hopub. Əlbəttə, bu əsərlərə toxunarkən çox fərqli hisslər yaşayıram. Təbii ki, yenilənməyə ehtiyacı olan hər bir əşyanın hekayəsi var. Hazırda üzərində çalışdığım əsər sultanın oğlu üçün hazırladığı məzarı üstünə sərilən puşidədir (örtük). Gördüyünüz kimi, kiçik məzardır, uşaq məzardır. Çox zərifliklə və incəliklə işlənilən bu parçalara toxunmaq məni duyğulandırır. Çünki sultanın özünün bəyəndiyi, seçdiyi, üzərində işlədiyi, əli ilə toxuduğu əsərə ondan sonra mən toxunuram. Bu türbədə Osmanlı sultanlarına məxsus və günümüzə gəlib çatan qəbirlərin üstünə sərilmək üçün gümüş və qızıl iplərlə toxunmuş 29 ədəd puşidə var. Bu qədər sayda və günümüzə gəlib çatmış puşidələr Türkiyə tarixində, sadəcə, bu türbədə var.

- Biz həm də bu məzarlıqda baş daşlarının xüsusi incəliklə işlənildiyini görürük...

- Osmanlıda əl sənətlərinə və motivlərə çox önəm verilirdi. Gördüyünüz kimi, dünyasını dəyişən insanın kim olduğu haqqında məzar daşlarına baxaraq qərar vermək olur. Məsələn, hamiləykən vəfat edən qadının rəsmi məzarı üstündə çiçək və çiçəyin içində başqa bir çikək çizilərək göstərilib. Bundan başqa, nakam vəfat edən bir gəncin məzarına qərənfil boynu bükük şəkildə çəkilib. Başına fəs qoyulmuş kiçik məzar uşaq qəbridir. Osmanlıda qəbirlərin yanına sərv ağacı əkilirdi. Bu ağac çox şaxələnmirdi və kökləri qəbirlərə ziyan vermirdi. Eyni zamanda qəbiristanlığın havasının təmiz olması üçün də faydalı idi. Ümumiyyətlə, məzarların üzərlərində ağac və çiçək motivlərinə çox rast gəlirik.

- Bu illər ərzində sizi təəccübləndirən tarixi əsər olubmu?

- Əlbəttə, çox olub. Osmanlı tarixindən çoxlarına məlumdur ki, böyük şəxsiyyətlər üzərlərinə dualar yazılmış köynəklər geyirdilər. Buna "tilsimli köynək" də deyilirdi. Mən onlardan birini bərpa etdim. Bu köynəkdən Türkiyədə iki ədəddir: onlardan biri Topqapı muzeyində, digəri isə məsciddə qorunur. Həmin köynəyə toxunduğumda çox fərqli hisslər yaşadım. Həmin simvolikanın bir neçə əsərlə birləşdirib əlyazmalara işlənməsi çox təsirlidir. Həmin əsərdə duaları qalxan, qoruyucu kimi üzərlərində daşıyan insanın ruhu vardı. Təbii ki, "tilsimli köynəy"i bərpa etmək çox çətin oldu. Çünki onun üzərində yazılar vardı və köynək kirlənmişdi. Əgər təmizlənilməzsə, ləkələr həmin yazılarıları siləcəkdi. Ona görə də bu tarixi əsərə ziyan verməmək üçün çox həsas davranmaq və incə işləmək lazim idi. Mən rəhbərlik etdiyim qrupla birlikdə 6 ay əsər üzərində işlədim. Düzdür, vaxtımızı aldı, ancaq nəticəsi çox gözəl oldu.

- Bəs indiyədək bərpa etdiyiniz tarixi əsərlərdən hansını şah əsəriniz adlandıra bilərsiniz?

- Bütün işlərim mənim üçün dəyərlidir. Ancaq tələbələrimlə birlikdə bərpa etdiyim müqəddəs kitabımız olan “Qurani Kərim” mənim üçün böyük uğur idi. Bir gün tələbələrimdən biri “Qurani Kərim” gətirdi. "Hocam, biz bunu bağımızdan tapmışıq" dedi. Babaları repressiya dövründə "Qurani Kərim” yasaqlandığı zaman kitabı torpağa basdırıbmış. Kitab da uzun illər topaqda qaldığından çürümüşdü. Biz onun üzərində uzun müddət işlədik. Nəhayət, torpaqda çürümüş "Qurani Kərim"i bərpa etdik və ona yenidən həyat verdik. Həmin vaxt Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Baş naziri idi. Ona məktub yazıb bərpa etdiyimiz kitabı göndərik. Ərdoğan da bizə çox qısa zamanda cavab yazdı, çox sevindiyini dedi və "Təşəkkürnamə" göndərdi. Çox fərqli təcrübə idi, qürur duydum.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi