Yuxarı
    Bağlamaq

    Azərbaycanın xalq artisti məşhur fransız aktrisası ilə birgə filmə çəkiləcək

    Hacı Murad Yagizarov Almaniyada yeni filmə çəkiləcək

    Bakı. 1 dekabr. REPORT.AZ/ Rus Dram Teatrının aktyoru, Azərbaycanın xalq artisti Hacı Murad Yagizarov Almaniyada yeni filmə çəkiləcək.

    Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, H.M.Yagizarov uzun illərdir Almaniyada yaşasa da, hər il Bakıya gəlir və çalışdığı Rus Dram Teatrının səhnəsində maraqlı obrazlar yaradır.

    Məlumata görə, Almaniyaya budəfəki gedişində yeni filmdə çəkilmək təklifi alan aktyorun tərəf müqabili məşhur fransız aktrisası İzabel Adjani olacaq.

    Xalq artisti Hacı Murad Yagizarov filmin çəkilişlərinin nə vaxt başlayacağının məlum olmadığını deyib: "Mənim ailəm Almaniyada yaşayır. Ona görə də mən ilin 5-6 ayını Bakıda, qalan vaxtlarında isə Almaniyada oluram. İlk dəfə Almaniyada "Nürnberq prosesi" filmində çəkilmişəm. Həmin filmdə qızım Marianna da tərcüməçi rolunu ifa etmişdi. Yeni filmə çəkilmək təklifinə müsbət cavab vermişəm. Yeni film romantik janrda çəkiləcək. Ümid edirəm ki, maraqlı ekran əsəri olacaq. Filmdə tanınmış fransız aktrisası İzabel Adjari ilə tərəf müqabili olacam. Çəkilişlərin nə zaman başlayacağını dəqiq deyə bilmərəm. Hazırda isə Bakıdayam və Rus Dram Teatrının səhnəsində tamaşalarda rollarımı ifa edirəm"

    Qeyd edək ki, H.M.Yagizarov hazırda Rus Dram Teatrının repertuarında olan "Qurdlar və quzular" və "Artist və onun kölgəsi" tamaşalarında çıxış edir.

    Dekabrın 4-də "Artist və onun kölgəsi" tamaşası növbəti dəfə nümayiş etdiriləcək. Bu tamaşa H.M.Yagizarovun 75 illik yubileyi münasibətilə hazırlanıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi