Yuxarı

Azərbaycanın xalq artisti Belarus Dövlət Musiqili Teatrında tamaşa hazırlayacaq

Opera və Balet Teatrının baletmeysteri, xalq artisti Mədinə Əliyeva Minskə gedir

Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycanın xalq artisti Belarus Dövlət Musiqili Teatrında tamaşa hazırlayacaq. 

"Report" xəbər verir ki, Belarus teatrı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının quruluşçu baletmeysteri, xalq artisti Mədinə Əliyevanı tamaşaya quruluş vermək üçün Minskə dəvət edib. 

M.Əliyeva fevralın əvvəlində Minskə gedəcək və Belarus Dövlət Musiqili Teatrında Q.Şaydulovanın “Kleopatra” baletinə quruluş verəcək.

Bu, M.Əliyevanın Belarusa ilk səfəri deyil. Xalq artisti 2010-cu ildə Belarus Musiqili Teatrında səhnəyə qoyulan Ü.Hacıbəylinin “Arşın mal alan” tamaşasında rəqslərə quruluş verib, 2013-cü ildə isə F.Əmirovun “Min bir gecə” baletinin quruluşunu həyata keçirib.

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə Belarus Milli Akademik Böyük Opera və Balet Teatrı və Belarus Musiqili Teatrı arasında sıx əməkdaşlıq əlaqələri var. Bu əlaqələr çərçivəsində vaxtaşırı belaruslu sənətçilər Bakıda, azərbaycanlı sənətçilər isə Minskdə qastrol səfərlərində olur, rejissor və baletmeysterlər yeni tamaşaların quruluşunu həyata keçirir, ustad dərsləri təşkil olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi