Azərbaycanın tanınmış musiqiçiləri Slovakiyada çıxış edib

Azərbaycanın tanınmış musiqiçiləri Slovakiyada çıxış edib Bratislavada Respublika Gününə həsr olunmuş qəbul və konsert keçirilib
İncəsənət
26 May , 2016 11:11
Azərbaycanın tanınmış musiqiçiləri Slovakiyada çıxış edib

Bakı. 26 may. REPORT.AZ/ Slovakiyanın paytaxtı Bratislava şəhərində Slovak Dövlət Filarmoniyasının "Reduta" salonunda Azərbaycanın müstəqillik gününə həsr olunmuş təntənəli gecə və qala konsert keçirilib.

Bu barədə "Report"a Akademik Opera və Balet Teatrının dirijoru, Prezident mükafatçısı Əyyub Quliyev məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanın Slovakiyada Fəxri konsulluğunun təşkilatçılığı və Slovakiya Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə müxtəlif ölkələrin diplomatik missiyalarının rəhbərləri, Slovakiyanın tanınmış dövlət, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edib.

Gecənin rəsmi bölümündə Azərbaycanın Slovakiyada Fəxri Konsulu Cəlal Qasımov, Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov, Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSSR xalq artisti, professor Fərhad Bədəlbəyli ölkələr arasında mədəni və diplomatik əlaqələrin inkişafı barədə çıxış edib.

Tədbirin bədii hissəsində Azərbaycan Akademik Opera və Balet Teatrının dirijoru, Prezident mükafatçısı, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi altında Slovakiya Filarmonik Orkestri geniş konsert proqramı ilə çıxış edib.

Konsertdə Azərbaycan bəstəkarları - Üzeyir bəy Hacıbəyli, Asəf Zeynallı, Tofiq Quliyev, Vasif Adıgözəlovun əsərləri ilə bərabər Avropa və Slovakiya musiqi ədəbiyyatından parlaq nümunələri dinləyicilər böyük maraqla qarşılayıb. Konsertdə Azərbaycanın xalq artisti, Dövlət Mükafatı laureatı, professor, beynəlxalq müsabiqələr laureatı, "Şöhrət" ordenli tarzən Ramiz Quliyev, Azərbaycanın əməkdar artisti, Akademik Opera və Balet Teatrının solisti Afaq Abbasova (soprano) və Bratislava Dövlət Konservatoriyasının doktorantı Fərhad Aşumov (skripka) uğurlu çıxışları ilə tamaşaçılara unudulmaz anlar yaşadıb.

Proqramın sonunda Üzeyir Hacıbəylinın "Koroğlu" operasından Üvertura təntənəli gecənin kulminasiyasına çevrilib. Konsert bitdikdən sonra dinləyicilər Azərbaycanlı ifaçıları səhnəyə yenidən dəvət edərək onları ayaq üstə alqışlayıb.

Son xəbərlər

Orphus sistemi