Yuxarı
    Bağlamaq

    Azərbaycanın tanınmış dirijoru Almaniyada keçirilən festivaldan qayıdıb

    Əyyub Quliyev Maderdorfda keçirilən opera festivalında Azərbaycan bəstəkarlarının əsərlərini təqdim edib

    Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, Vasili Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının baş dirijoru Əyyub Quliyev Almaniyanın Maderdorf şəhərində keçirilən XIX Opera Festivalından qayıdıb.

    "Report" xəbər verir ki, festival iyulun 22-dən avqustun 16-dək davam edib.

    Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Orkestri bu festivalda 8-ci dəfə Azərbaycanı təmsil edib. 50 nəfərlik orkestrə dirijor Əyyub Quliyev rəhbərlik edib. Azərbaycanlı musiqiçilər festivalda 3 saatlıq konsert proqramı ilə çıxış edib.

    Bu barədə "Report"a dirijor Əyyub Quliyev məlumat verib. Onun sözlərinə görə, festivalın bir hissəsi Azərbaycan musiqisinə həsr edilib.

    "Festivalda bir bölümdə Azərbaycan bəstəkarlarının əsərlərini ifa etdik. Qara Qarayevin "Don Kixot", Fikrət Əmirovun "Min bir gecə", Niyazinin "Qaytağı" əsərləri səsləndirildi və tamaşaçılar bizim klassik əsərlərimizi rəğbətlə qarşıladılar. 2000 nəfərlik konsert zalı orkestrimizi alqışlarla qarşıladı", - dirijor deyib. 

    Ə.Quliyev əlavə edib ki, festivalda gənc dirijor Murtuza Bülbül dirijor kimi çıxış edib. Gənc Murtuzanın dirijorluğu ilə bəstəkar Polad Bülbüloğlunun "Azərbaycanım" əsəri səsləndirilib. Konsertdə Polad Bülbüloğlu da iştirak edib.

    Xatırladaq ki, Murtuza Bülbül dahi müğənni Bülbülün nəvəsi, Azərbaycanın Rusiyadakı səfiri, bəstəkar və müğənni Polad Bülbüloğlunun oğludur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi