Azərbaycanın "Nabat" filmi İsveçdə nümayiş etdiriləcək

Azərbaycanın "Nabat" filmi İsveçdə nümayiş etdiriləcək Rejissor: "Axtardığımı iranlı aktrisanın simasında tapdım"
İncəsənət
3 Dekabr , 2014 16:14
Azərbaycanın Nabat filmi İsveçdə nümayiş etdiriləcək

Bakı. 3 dekabr. REPORT.AZ/ Rejissor Elçin Musaoğlunun ekranlaşdırdığı "Nabat" filmi 2015-ci ilin yanvar ayında İsveçdə nümayiş etdiriləcək.

Bu barədə "Report"a açıqlamasında rejissor Elçin Musaoğlu özü məlumat verib.

Rejissorun sözlərinə görə, "Nabat" filmi 71-ci Venesiya Beynəlxalq Film Festivalında, Milan Film Festivalında, Çikaqo, San Paulo, Tokio, Mannheym-Heydelberq, Hindistan və Mərakeş Film Festivallarında uğurla nümayiş olunub.

Növbəti nümayiş İsveçdə olacaq. İsveç "Nabat" filminin nümayişi üçün Azərbaycan tərəfinə maliyyə vəsaitini ödəyib.

E.Musaoğlu "Nabat" filminin dünya festivallarında iştirakına və uğurlarına həsr edilən mətbuat konfransında isə deyib ki, kino təkcə pul deyil, kino həm də diqqətdir: "Bütün ölkələrdə kinonu dövlət maliyyələşdirir. Dövlət kinoya diqqət ayırır. Məsələn, Almaniyada ildə 50 film çəkilir. Həmin filmlərdən təkcə 5-i dünya festivallarında iştirak edir. 45-i ölkənin daxilində nümayiş edilir. Azərbaycanda isə 5 ildən bir 4-5 film çəkilir. Əlbəttə ki, bu filmlərin hamısı uğurlu olmaya bilər. Əsas odur ki, rejissorlarımız film çəksinlər. Bizə rahat şərait yaradılsın".

Rejissor "Nabat" filmində baş rolu iranlı aktrisaya həvalə etməsindən və bunun Azərbaycan aktrisaları arasında narazılığa səbəb olmasından da danışıb. Onun sözlərinə görə, Azərbaycandan seçdiyi iki aktrisanın heç biri ilə bu filmdə işləmək mümkün olmayıb. Bunun müxtəlif səbəblərinin olduğunu vurğulayan E.Musaoğlu "Mən axtardığımı iranlı aktrisanın simasında tapdım. Onun oyunu məni qane etdi. İnanmıram ki, kimsə bu rolu belə ifa edə bilərdi", - deyib.

Son xəbərlər

Orphus sistemi