Yuxarı
    Bağlamaq

    Azərbaycanın görkəmli bəstəkarı yad ediləcək

    Qara Qarayevin anadan olmasının 97-ci ildönümü münasibətilə müxtəlif tədbirlər keçiriləcək

    Bakı. 3 fevral. REPORT.AZ/ Fevralın 5-də görkəmli Azərbaycan bəstəkarı, SSRİ xalq artisti, SSRİ Dövlət mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Qara Qarayevin anadan olmasının 97-ci ildönümü münasibətilə anım tədbirlərinin keçirilməsi qərara alınıb.

    "Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti yayıb.

    Fevralın 5-də saat 12.00-da Fəxri Xiyabanda bəstəkarın məzarı ziyarət olunacaq, 19.00-da isə Azərbaycan Dövlət Filarmoniyasında Qara Qarayev adına Kamera Orkestrinin ifasında "XX əsrin dahi bəstəkarları" adlı konsert proqramı təqdim ediləcək.

    Bundan əlavə, saat 14.00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində tədbir keçiriləcək.

    Tədbirdə Qara Qarayevin həyat və yaradıcılığı haqqında çıxışlar ediləcək, bəstəkarın həyat və yaradıcılığını əks etdirən muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou nümayiş olunacaq.

    Tədbir Bakı Musiqi Kollecinin tələbələri və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdlərinin ifalarında Qara Qarayevin əsərlərindən ibarət konsert proqramı ilə davam edəcək.

    Tədbirin qonaqları musiqi ictimaiyyəti, Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin, Bakı Musiqi Kollecinin, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllim və tələbə heyəti, Klassik Musiqi Həvəskarları Klubunun üzvləri, Bakı muzeylərinin əməkdaşları, KİV nümayəndələri və başqaları olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi