Azərbaycanda müharibə mövzusunda yeni film çəkilib

Azərbaycanda müharibə mövzusunda yeni film çəkilib Qısametrajlı yeni film lampa işığında çəkilib
İncəsənət
27 Avqust , 2016 11:04
Azərbaycanda müharibə mövzusunda yeni film çəkilib

Bakı. 27 avqust. REPORT.AZ/ Azərbaycanda müharibə mövzusunda yeni film çəkilib. 

"Araf" adlı qısametrajlı ekran əsərinin rejissoru Fidan Cəfərova "Report"a açıqlamasında deyib ki, filmin çəkilişləri başa çatıb və hazırda montaj, musiqi bəstələnməsi və səsləndirilməsi işləri görülür.

F.Cəfərova filmin "Araf" adlandırılmasının təsadüfü olmadığını bildirib: "Araf cənnət və cəhənnəm arasında məkan sayılır. 15 dəqiqəlik filmin mövzusu müharibədir. Amma standart müharibə mövzusu deyil. Yəni, filmdə döyüş səhnələri yoxdur. "Araf", müharibə dövründə bir ailənin yaşam tərzi, parçalanması və ailənin hər bir fərdinin düşdüyü emosional vəziyyəti əks etdirir. Filmdə müharibənin konkret olaraq nə zaman baş verdiyi göstərilmir. Məkan olaraq, Azərbaycan seçilib, amma zaman bəlli deyil".

Onun sözlərinə görə, qısametrajlı ekran əsəri "Art-house" janrında çəkilib: "Biz bu filmdə izləyicilərə düşünmək imkanı yaratmışıq. Sonu bəlli olmayan filmlər, əsərlər var və onları oxuyan, izləyən hər bir insan onun sonunu beynində canlandırır, bu film o silsilədəndir. Onu da deyim ki, "Araf"da işıqdan istifadə edilməyib. Filmi neft lampalarının işığında çəkmişik".

Rejissor deyib ki, kinonun təqdimat mərasimi sentyabrda olacaq. 
Qeyd edək ki, yeni film gənc rejissorlar Fidan Cəfərova və Türkiyədə təhsil alan Tofiq Rzayevin müştərək ekran işidir. Ekran əsərinin quruluşçu operatoru Taleh Valehov, operatoru Zəka Hümbətov, bəstəkarı Tural Əliyev, səs rejissoru isə Şamxal Novruzludur.
"Araf"da baş rolları xalq artisti Bəsti Cəfərova, əməkdar artist Sabir Məmmədov ifa edib. Filmdə Milli Dram Teatrının gənc aktyoru Adil Dəmirov və gənc aktrisa Könül İskəndər də rol alıb.

Xatırladaq ki, gənc rejissor Fidan Cəfərova Akademik Milli Dram Teatrında çalışır. Fidan Cəfərova "Nağıllar aləminə səyahət" sənədli filminin rejissorudur. Film, Akademik Milli Dram Teatrında tamaşaya qoyulan "Nağıllar aləmində" tamaşasına həsr olunub.

Son xəbərlər

Orphus sistemi