Azərbaycanda ilk dəfə beynəlxalq rəqs müsabiqəsi keçirilir

Azərbaycanda ilk dəfə beynəlxalq rəqs müsabiqəsi keçirilir Yarışda 6 ölkədən - Azərbaycan, ABŞ, Rusiya Federasiyası, Qazaxıstan, Litva və Ukraynadan 200 rəqqas iştirak edir
İncəsənət
17 May , 2016 10:37
Azərbaycanda ilk dəfə beynəlxalq rəqs müsabiqəsi keçirilir

Bakı. 17 may. REPORT.AZ/ Akademik Milli Dram Teatrında Qəmər Almaszadə adına Klassik və Milli Rəqs üzrə I beynəlxalq müsabiqənin açılışı keçirilib.

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Xəbərə görə, Yaxın Şərq və MDB məkanı üzrə belə bir beynəlxalq sənət yarışması ilk dəfə Azərbaycanda gerçəkləşir.

Açılış mərasimi Azərbaycanın Dövlət himninin səslənməsi ilə başlayıb. Sonra Azərbaycanın ilk peşəkar balerinası Qəmər Almaszadənin səhnə və pedaqoji fəaliyyətinə həsr olunmuş slayd-şou nümayiş etdirilib.

Mərasimdə görkəmli balerinaya həsr olunan "Prima və Mayestro" xoreoqrafik kompozisiyası təqdim edilib. İ.S.Bax, V.A.Mosart, Ə.Bədəlbəyli, Niyazi, F.Əmirov, A.Məlikov və F.Bədəlbəylinin əsərlərindən ibarət kompozisiyada əsas partiyaları xalq artisti Kamilla Hüseynova və Prezident mükafatçısı Akif Kərimli ifa edib.

Səhnədə Bakı Xoreoqrafiya Akademiyasının orta və orta ixtisas təhsil pilləsi üzrə şagird və tələbələri də yer alıb. Klassik balet və milli rəqs musiqisinin bir-birini tamamladığı kompozisiya yüksək qiymətləndirilib. 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev müsabiqəni açıq elan edərək Prezident İlham Əliyev tərəfindən Qəmər Almaszadənin 100 illiyinin dövlət səviyyəsində qeyd olunması barədə sərəncam imzalandığını diqqətə çatdırıb. Nazir bildirib ki, Bakı Xoreoqrafiya Akademiyası görkəmli balerinanın adını daşıyacaq beynəlxalq rəqs müsabiqəsinin keçirilməsi təşəbbüsünü irəli sürüb.

Qeyd olunub ki, Azərbaycanda rəqs məktəbləri və dərnəkləri ötən əsrin 20-ci illərində fəaliyyət göstərməyə başlayıb və sonrakı dövrlərdə bu sənət mühüm inkişaf yolu keçib. Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə incəsənətin bu sahəsinə xüsusi diqqət və qayğı göstərilib. 1986-cı ildə Heydər Əliyevin təşəbbüsü ilə Bakı Xoreoqrafiya Məktəbi yeni bina ilə təmin edilib.

Ə.Qarayev deyib ki, müstəqillik dövründə də milli xoreoqrafiya sənətinin inkişaf etdirilməsi diqqət mərkəzində olub: “2014-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Xoreoqrafiya Akademiyası yaradılıb. Mən düşünürəm ki, bu gün keçirilən müsabiqə bizim xoreoqrafiya sənətinin daha yüksək səviyyədə inkişafına və beynəlxalq təcrübə mübadiləsinə təkan verəcək".

Qeyd edək ki, sənət yarışında 6 ölkədən - Azərbaycan, ABŞ, Rusiya, Qazaxıstan, Litva və Ukraynadan 200 rəqqas iştirak edir.

Müsabiqə klassik və milli rəqs istiqamətləri üzrə qızlar və oğlanlar arasında iki yaş qrupunda (12-17 və 18-26 yaş arası) və iki turda keçirilir. İştirakçıların çıxışlarını Azərbaycanın xalq artistləri Rəfiqə Axundova və Afaq Məlikova, əməkdar incəsənət xadimi Dilarə Əliyeva, Rusiyanın xalq artisti Dikalu Muzakayev, Litvanın əməkdar artisti Petras Skirmantasdan ibarət münsiflər heyəti qiymətləndirəcək.

Müsabiqəyə mayın 19-da yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi