Azərbaycanda detektiv-triller janrında tammetrajlı film çəkiləcək

Azərbaycanda detektiv-triller janrında tammetrajlı film çəkiləcək Murad Muradov: "Hazırda filmin hazırlıq prosesi və kastinq işləri aparılır"
İncəsənət
3 May , 2016 17:00
Azərbaycanda detektiv-triller janrında tammetrajlı film çəkiləcək

Bakı. 3 may. REPORT.AZ/ Gənc kinorejissor Murad Muradov yeni film çəkəcək. 

Bu barədə "Report"a rejissorun özü məlumat verib. 

Onun sözlərinə görə, hazırda filmin hazırlıq prosesi və kastinq işləri aparılır: "Filmin yaradıcılıq prosesi başlanıb. Aktyorların seçimi tam başa çatdıqdan sonra filmin çəkilişlərinə başlayacağıq. Yeni çəkəcəyim bədii film detektiv-triller janrında tammetrajlı ekran əsəri olacaq. Filmin adı "7"dir. Ad dolayısı ilə filmdə baş verən hadisələrlə bağlıdır. Ssenarinin müəllifi Firuz Kərimoğludur. Filmdəki personajları heç kim tanımır, onlar heç kimə lazım deyil, amma bu qəhrəmanlar dövlət üçün çalışan gizli qrupun üzvləridir. Filmin baş qəhrəmanı Mehdi adlı ağsaqqaldır". 

M.Muradov deyib ki, filmdə baş rola əməkdar artist Şamil Süleymanov çəkiləcək: "Filmdə Kamil, Rüfət, Əfsanə, Leyla adlı personajlar var. Hər biri ekran əsərində özünün yeri olan qəhrəmanlardır. Ümumiyyətlə, bu filmdə ikinci dərəcəli rol yoxdur. Bütün obrazlar əsasdır. Filmdə maraqlı biznesmen surəti var. Həmin obrazı xalq artisti Nurəddin Mehdixanlının oynamasını istəyirəm". 

Gənc rejissor vurğulayıb ki, film dövlət hesabına çəkilməyəcək: "Tamamilə kommersiya filmi olacaq. Mən düşünürəm ki, hər şeyi dövlətdən gözləmək lazım deyil. Azərbaycan kinosunun inkişafını istəyiriksə, maraqlı, lazımlı ssenarilər tapıb, kommersiya filmləri çəkməliyik. Filmin çəkilişləri may ayında başlanacaq. Yay aylarında davam edəcək çəkilişlərin sentyabr-oktyabr ayında başa çatması nəzərdə tutulub. Çəkilişlər əsasən Bakıda aparılacaq. Eyni zamanda, Rusiya və Türkiyədə də çəkilişlərin aparılması gözlənilir"

O bildirib ki, yeni filmin operatoru Murad Nəzərlidir.

Qeyd edək ki, gənc rejissor Murad Muradov Azərbaycanın tanınmış rejissoru və kinooperatoru olmuş Ələkbər Muradovun oğludur. O, "Keçmişdən gələn bir zəng", "Uçan çinarlar" qısametrajlı bədii filmlərinin və bir neçə sənədli filmin müəllifidir. 

Son xəbərlər

Orphus sistemi