Azərbaycanda “Beynəlxalq Muzeylər Günü” qeyd olunacaq

Azərbaycanda “Beynəlxalq Muzeylər Günü” qeyd olunacaq Mayın 18-də keçiriləcək tədbirlərin siyahısı açıqlanıb
İncəsənət
16 May , 2017 20:33
Azərbaycanda “Beynəlxalq Muzeylər Günü” qeyd olunacaq

Bakı. 16 may. REPORT.AZ/ İCOM Azərbaycan Milli Komitəsinin dəstəyi ilə mayın 18-də ölkəmizdə “Beynəlxalq Muzeylər Günü” qeyd olunacaq. 

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, bu il Beynəlxalq Muzeylər Şurası (İCOM) tərəfindən “Muzeylər və mübahisəli tarixi məqamlar: muzeylərdə deyilməyənlərin səslənməsi” mövzusu elan olunub. Ölkəmizin əksər muzeyləri bu şüar altında birləşərək öz profillərinə uyğun tədbirlər təşkil edəcəklər. Belə ki, AMEA Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan Xalça Muzeyi, Bülbülün Memorial Muzeyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Masallı Tarix-diyarşünaslıq Muzeyi, Səməd Vurğunun Ev-muzeyi, Şirvanşahlar Sarayı, Tahir Salahovun Ev-muzeyi, Üzeyir Hacibəylinin Ev-muzeyi və digər muzeylər tədbirlər keçirəcək.

Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçmiş SSRİ respublikaları arasında ilk olaraq 1993-cü ildə Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsi təsis edilib. İCOM Azərbaycan Milli Komitəsinin əsas fəaliyyəti Beynəlxalq Muzeylər Şurasının işində iştirak etmək, müasir mərhələdə Azərbaycan muzeylərinin işinin təkmilləşdirilməsi üzrə beynəlxalq muzeylər ilə əlaqə yaratmaq, dünya standartlarına uyğun səviyyədə müxtəlif normativ aktların qəbul edilməsində, mədəni irsin qorunması istiqamətində, dünya muzeyləri ilə bir sırada öz işini davam etməkdən ibarətdir. Bu gün İCOM Azərbaycan Milli Komitəsinin 39 muzey və 11 digər təşkilatların nümayəndələrindən ibarət 100 nəfər üzvü var.

“Muzeylər və mübahisəli tarixi məqamlar: muzeylərdə deyilməyənlərin səslənməsi” mövzusu insanlar arasında sülh əlaqələrinin inkişafında mərkəz hissə olmaqda muzeylərin rolundan bəhs edir və sülh şəraitində paylaşılan bir gələcək təsəvvür edilərkən mübahisəli tarixin qəbul edilməsini ilk addım kimi vurğulayır. Keçiriləcək tədbirlərin məqsədi insan irqinə məxsus tarixin aydın olmayan tərəflərinin dərk edilməsindən ibarətdir.

Mayın 18-də keçiriləcək tədbirlərin siyahısı belədir:

11:00 – Azərbaycan Xalça Muzeyində “Beynəlxalq Muzeylər Günü”nün rəsmi açılışı, bu tədbirə hazırlıq işlərinə həsr olunmuş video-çarxın təqdimatı, “Dekorativ-tətbiqi sənətdə sosialist realizmi” sərgisi;

14:00 – AMEA Milli Azərbaycan Tarixi Muzeyində 1920-50-ci illərdə represiyyalar mövzunda “Sonuncu ünvan...” adlı tədbir: məruzə, sərgi, konsert;

16:00 – Azərbaycan Milli İncəsənət Muzeyində “Unudulmuş unudulmaz” sərgisi;

18:00 – Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi “İnteryerdə musiqi və həqiqət” sərgisi və konsert.

Mayın 18-də gün ərzində keçiriləcək sərgilər:

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi – “Gələcək üçün keçmiş haqqında...” sərgisi (14:00)

Bülbülün Memorial Muzeyi – “Şuşada susan eksponatlar” sərgisi

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu – “Xatırla və tanı” adlı məruzə (18:00)

Səməd Vurğunun Ev-muzeyi – “Səməd Vurğun repressiya illərində” adlı məruzə

Şirvanşahlar Sarayı Kompleksi – “Repressiya qurbanları: Mövsüm Salamov” adlı məruzə və sərgi (11:00)

Tahir Salahovun Ev-muzeyi – “Repressiya qurbanları: Teymur Salahov” sərgisi

Üzeyir Hacibəylinin Ev-muzeyi – “1920-1950-ci illərdə repressiyalar” sərgisi

Masallı Tarix-diyarşünaslıq Muzeyi – “Zamanın günahsız qurbanları” adlı məruzə

Son xəbərlər

Orphus sistemi