Yuxarı

​Azərbaycan xalçaları Gürcüstanda beynəlxalq sərgidə nümayiş etdiriləcək

Sərgi çərçivəsində Rabat qalasında xalçaçılığa dair simpozium da keçiriləcək

Tbilisi. 8 iyun. REPORT.AZ/ Gürcüstanın Axalsıx şəhərindəki Rabat qalasında iyunun 10-da beynəlxalq xalça sərgisi keçiriləcək. 

"Report"un Gürcüstan bürosu xəbər verir ki, sərgidə dünyanın bir çox ölkəsindən xalçaçılıq nümunələri nümayiş olunacaq. Azərbaycanı sərgidə Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi təmsil edəcək.

Muzeyin direktoru Leyla Əliyeva "Report"un Gürcüstan bürosuna bildirib ki, Gürcüstanın Mədəniyyət və Abidələrin Bərpası Nazirliyinin təşkil etdiyi sərgidə bir neçə ölkənin xalçaçılıq sənəti nümunələri nümayiş olunacaq: "M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi sərgidə 30-dan çox Azərbaycan xalçasını təqdim edəcək. Bununla yanaşı, muzeyin nəzdindəki xalçaçılıq dərnəyinin şagirdlərinin əl işləri, xalça ornamentləri, xalçaçılığa dair kitablar və digər yazılı ədəbiyyat nümayiş olunacaq. Mədəniyyət Muzeyi sərgidə əsasən Borçalı elində toxunmuş Qarabağ, Qarayazı, Qaraçöp, Ləmbəli, Təbriz xalça növlərini nümayiş etdirəcək”.

Onun sözlərinə görə, rəhbərlik etdiyi muzey Azərbaycan mədəniyyətini inkişaf etdirmək, gələcək nəsillərə çatdırmaq, eləcə də dünya ictimaiyyətini məlumatlandırmaq üçün xüsusi layihə həyata keçirir: “Bizim xalçalarımız YUNESCO-nun mədəni irs siyahısına da daxil edilib. Sərgiyə çıxarılan xalçalar təmiz yundan əyrilmiş saplarla toxunub, təbii boyalarla boyanıb. Buna görə də Azərbaycan xalçalarına maraq böyükdür".

L.Əliyeva deyib ki, sərgi çərçivəsində Rabatda xalçaçılığa dair simpozium da keçiriləcək: "Simpoziumda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Xalça Muzeyinin əməkdaşlarının iştirakı nəzərdə tutulub".

Sərgi iyunun 12-dək davam edəcək. 

Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi 2011-ci ildən xalça ustası və iş adamı Emzar Məmmədzadə ilə birgə Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində xüsusi layihə həyata keçirir. Layihəyə əsasən, Gürcüstanın bölgələrində yaşayan azərbaycanlı xalça ustaları işə cəlb olunular. Onların toxuduqları xalçalar hazırda dünyanın bir çox ölkələrində keçirilən sərgilərdə nümayiş etdirilir. Bu sərgidə də azərbaycanlı xalçaçıların əl işləri nümayiş olunacaq. Elə həmin ildən muzeydə də xalçaçılıq dərnəyi açılıb. Bu dərnək Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi tərəfindən maliyyələşdirilir.

Xatırladaq ki, Rabat qalası IX əsrə aid tarixi abidədir. 2012-ci ildə bərpa olunduqdan sonra bu qala turistlərin ən çox gəldikləri ərazilərdən birinə çevrilib. Qala ümumilikdə 7 hektar ərazini əhatə edir. Qala özündə gürcü, ərəb, bizans, türk və rus memarlıq ənənələrini birləşdirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi