Yuxarı

Azərbaycan və Qırğızıstan opera ifaçılarının birgə konserti keçirilib

Qala konsertində Üzeyir Hacıbəylinin Koroğlu operası və Arşın mal alan operettasından, Fikrət Əmirovun Sevil operasından nümunələr ifa edilib

Bakı. 16 oktyabr. REPORT.AZ/ Qırğızıstan Dövlət Filarmoniyasının böyük zalında Azərbaycan və Qırğızıstanın tanınmış opera ifaçılarının iştirakı ilə təntənəli qala konsert keçirilib.

"Report" xəbər verir ki, konsert "Kurak" Forumu və "Simfoniya Ala - Too" beynəlxalq təşkilatının təşkilatçılığı ilə keçirilib.

Tədbirdə Qırğızıstan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, Prezident mükafatçısı, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi ilə çıxış edib.

Avropa, qazax və qırğız bəstəkarlarının əsərləri ilə bərabər dahi bəstəkar Üzeyir Hacıbəylinin "Koroğlu" operası və "Arşın mal alan" operettasından, həmçinin Fikrət Əmirovun "Sevil" operasından nümunələr ifa edilib.

Görkəmli mədəniyyət xadimi Nailə Raxmadiyevanın rejissorluğu ilə baş tutan layihədə Azərbaycan opera ifaçılığını təmsil edən əməkdar artistlər, Akademik Opera və Balet Teatrının solistləri Fərid Əliyev (tenor) və İlahə Əfəndiyeva (soprano) Qırğızıstanın istedadlı opera müğənniləri, beynəlxalq müsabiqələr laureatı Zaira Raimbekova, Bakıt Ibıkeyev, Daniyar Musayev, Gündüz Kappiyeva, Sayan İsin və Elnura Samarbekova ilə bərabər geniş proqramla dinləyicilər qarşısında çıxış edib.

1200 nəfər insanın iştirak etdiyi, anşlaqla keçən konsert tamaşaçıların rəğbətini qazanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi