Yuxarı

Özbəkistanda Azərbaycan milli geyimlərinin moda sərgisi keçirilib

Moda sərgisində Azərbaycanın müxtəlif regionlarına - Qarabağ, Şirvan, Gəncə, Naxçıvan və başqa bölgələrə məxsus geyimlər təqdim olunub

Bakı. 16 dekabr. REPORT.AZ/ Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində "Azərbaycan və özbək milli geyimləri" adlı moda sərgisi keçirilib.

"Report" xəbər verir ki, mərkəzin direktoru Samir Abbasov Azərbaycanın müxtəlif regionlarının özünəməxsus geyimləri ilə seçildiyini bildirərək, milli geyimlərin dünyada tanıdılması və təbliği ilə əlaqədar Heydər Əliyev Fondunun layihələri barədə məlumat verib.

Moda sərgisində Azərbaycan milli geyimlərini Bakıdakı Geyim Evi, özbək geyimlərini isə Daşkənddəki Rəssamlıq və Dizayn İnstitutu təqdim edib. 

Geyimləri Özbəkistanın Kəmaləddin Bexzod adına Rəssamlıq və Dizayn İnstitutunun tələbələri nümayiş etdirib.

Moda sərgisində Azərbaycanın müxtəlif regionlarına - Qarabağ, Şirvan, Gəncə, Naxçıvan və başqa bölgələrə məxsus geyimlər təqdim olunub.

Azərbaycan milli geyimləri ilə yanaşı sərgidə özbək milli geyimləri, habelə müasir kolleksiyalar da nümayiş olunub. Özbəkistanın "Zarkaynar" Milli Libaslar Evinin təqdim etdiyi və özündə milli koloritləri əks etdirən xüsusi kolleksiyalar da sərgilənib. 

Qeyd edək ki, sərgidə Özbəkistanın mədəniyyət, incəsənət, elm sahəsində tanınmış mütəxəssisləri, Daşkənddəki dizayn institutlarının müəllim və tələbələri, Azərbaycanın Özbəkistandakı səfirliyinin və Mədəniyyət Mərkəzinin əməkdaşları, Azərbaycan diasporasının üzvləri, çoxsaylı mətbuat nümayəndələri iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi