Yuxarı

Azərbaycan səfirliyinin dəstəyilə Pakistanın tanınmış rəssamının sərgisi keçirilib

Azim İqbal: Qardaş xalqlarımız arasında əlaqələrin inkişafı naminə əlimdən gələni edəcəm

Bakı. 5 mart. REPORT.AZ/ Pakistanın Milli İncəsənət Mərkəzində Azərbaycan səfirliyinin dəstəyi ilə bu ölkənin tanınmış rəssam-xəttatı Azim İqbalın “Sülh və Harmoniyanın Rəngləri” adlı fərdi sərgisi keçirilib. 

Bu barədə “Report”a Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.

Tədbirdə Pakistanın informasiya, yayım və milli irs naziri Məhəmməd Azam, Pakistan Prezidentinin mətbuat katibi Samina Vakar, Pakistanda akkreditə olunmuş səfirlər, diplomatlar, tanınmış ictimai-siyasi xadimlər, media mənsubları iştirak edib. Təntənəli mərasimdə çıxış edən Azərbaycanın səfiri Daşqın Şikarov Azərbaycan və Pakistan arasında dostluq münasibətləri, mədəni bənzərliklər barəsində danışıb. Diplomat bu tədbirin iki xalq arasında mədəniyyət sahəsində əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib. Azim İqbalın haqqında danışan səfir, öz yaradıcılığında rəssamın incəsənət vasitəsi ilə Sufiliyə mənəvi səyahət edərək sülh və harmoniyanı təbliğ etdiyini vurğulayıb. 

Tədbirdə iştirak edən Pakistanın informasiya, yayım və milli irs naziri Məhəmməd Azam sərginin keçirilməsinə görə Azərbaycan səfirliyinə minnətdarlığını bildirib. Vurğulanıb ki, Pakistan mədəniyyətini təbliğ etməklə Azərbaycan Pakistanla dostluq münasibətlərinə hörmətini nümayiş etdirir. Nazir deyib ki, bu kimi tədbirlərin iki xalqlar arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət edir. Daha sonra Pakistan rəsmisi, başçılıq etdiyi nazirliyin fəaliyyəti, hökumətin milli-mədəni irsin qorunub saxlanılması istiqamətində fəaliyyəti barəsində məlumatlar verib.

Mərasim iştirakçılarına müraciətində Azim İqbal Azərbaycan səfirliyinə onun fərdi sərgisinin keçirilməsində yardım etdiyinə görə minnətdarlığını bildirib. O, Azərbaycanın zəngin mədəni irsi, qədim tarixinə malik olduğunu qeyd edib və vurğulayıb ki, o, bundan sonra da öz yaradıcılığında humanizm, sülh prinsiplərinə sadiq qalacaq, iki qardaş xalq arasında əlaqələrin inkişafı naminə əlindən gələni edəcək.

Rəmzi lent kəsildikdən sonra qonaqlar Azim İqbalın sərgisi ilə tanış olublar. Sərginin açılış mərasiminin sonunda qonaqlar üçün ziyafət verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi