Azərbaycan milli valyutasının eskizlərini hazırlayan rəssamın 70 illik yubileyi keçirilib - FOTO

Azərbaycan milli valyutasının eskizlərini hazırlayan rəssamın 70 illik yubileyi keçirilib - FOTO Görkəmli teatr rəssamının anadan olmasının 70, dünyasını dəyişməsinin 15 ili tamam olur
İncəsənət
31 May , 2016 20:25
Azərbaycan milli valyutasının eskizlərini hazırlayan rəssamın 70 illik yubileyi keçirilib - FOTO

Bakı. 31 may. REPORT.AZ/ Bu gün Azərbaycan Teatr Xadimləri İttifaqında görkəmli teatr rəssamı, əməkdar incəsənət xadimi, mərhum aktyor Elçin Məmmədovun 70 illik yubileyi münasibətilə tədbir keçirilib. Bundan əvvəl, yəni mayın 29-da isə E.Məmmədovun məzarı ziyarət edilmişdi. 

"Report" xəbər verir ki, mərasimdə E.Məmmədovun ailə üzvləri, doğmaları da iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları foyedə E.Məmmədovun şəxsi foto-arxivi və həyatının müxtəlif dövrlərində teatr tamaşalarına çəkdiyi eskizlərinə tamaşa ediblər. Daha sonra E.Məmmədovun həyat və yaradıcılığını özündə əks etdirən videoçarx nümayiş etdirilib. Bundan əlavə, mərhumun çəkildiyi "7 oğul istərəm", "Dədə Qorqud" filmlərindən fraqmentlər də nümayiş etdirilib.

Yubiley mərasimini TXİ-nın katibi, xalq artisti Hacı İsmayılov açaraq, mərhumun qısa ömür tarixçəsindən və qısa ömrünə sığdırdığı böyük yaradıcılığından danışıb, onun Azərbaycan teatrının və rəssamlıq sənətinin tarixində gördüyü böyük işlərdən söz açıb.

TXİ sədri, xalq artisti Azərpaşa Nemət isə çıxışında E.Məmmədovun yubileyini onsuz qeyd etmələrinə təəssüfləndiyini bildirib: "Elçinlə uşaqlığımız, gəncliyimiz birlikdə keçib. Bir zamanlar mənə desəydilər ki, gün gələcək Elçinin 70 illik yubileyində onun haqqında onsuz danışacaqsan, mənə qəribə gələrdi. Mən elə bilirdim ki, biz əbədi dost olacağıq. Gənclikdə bir yerdə olduğumuz kimi qocalığımız da birlikdə keçəcək. Təəssüf ki, Elçin 55 yaşı tamam olmadan bu dünyanı tərk etdi. Mənim atam Zəfər Nemətov və Elçinin atası Mehdi Məmmədov dost idilər. Onların dostluğunu biz davam etdirdik. Rəhmətlik Barat xanım məni Elçini sevdiyi qədər istəyirdi. Elçin böyük rəssam, böyük aktyor, fitri istedad, maraqlı insan idi. Belə insanlar həyatdan tez gedir. Elçin cavan yaşında dünyanı tərk etdi, mən isə onun haqqında danışıram. Amma mən hər zaman Elçini yanımda hiss edirəm. Onunla son işim "Hamlet"də oldu. Elçin Azərbaycan milli valyutasının eskizlərini hazırlayan rəssamdır. Çoxları bunu bilmir. Onlarla tamaşaya bədii tərtibat verib. Yüzlərlə kitaba illüstrasiyalar çəkib". 

Tanınmış teatrşünas, professor İlham Rəhimli vurğulayıb ki, Azərbaycan səhnəqrafiya janrında iki rəssamın - Elçin Aslanov və Elçin Məmmədovun adlarını fəxrlə çəkmək olar: "Hər iki rəssam bu məktəbin bünövrəsini qoyub. Elçinlə paralel oxumuşuq. Tələbəlik illərimiz bərabər keçib. Elçin bir yerdə qərar tutan, oturan adam deyildi. Atası, böyük rejissor Mehdi Məmmədov "Dəli yığıncağı" tamaşasını hazırlayanda tamaşanın rəssamı Elçin idi. Mehdi müəllim Elçinə tapşırıq vermək istəyirdi və ya nəsə qeyd edirdi, baxıb görürdü ki, Elçin yoxdur. Bir dəfə dedi ki, "Elçin, səni bir yerdə saxlamaq üçün oturduğun yerə qır tökək?" Rəhmətlik saatlarla bir yerdə qalmağı sevməzdi. Adama elə gəlirdi ki, söhbətləri səthi dinləyir, amma sonda ortaya elə mükəmməl iş çıxarardı ki, hər kəs heyran qalardı. Elçin Məmmədov kimi səhnəni, işıqları gözəl bilən rəssam yox idi. Elçin harada, necə işıq qurmağı, hansı aktyorun səhnənin harasında dayanmağını gözəl bilirdi. Elçindən Barat xanımın gündəliklərini istəmişdim. Mənə Barat xanımın bir neçə gündəliyini verdi. Bu gün həmin qiymətli yazılar məndədir. Onları Teatr Muzeyinə təhvil verəcəyəm". 

Eyni zamanda, tədbirdə Azərbaycan Rəssamlar İttifaqı adından xalq rəssamı Arif Hüseynov, xalq artisti Rafiq Əzimov, Ağakişi Kazımov çıxış edərək, Elçin Məmmədov barədə ürək sözlərini, xatirlərini bölüşüblər.

Xatırladaq ki, E.Məmmədov 1946-cı il mayın 29-da Azərbaycanın iki böyük sənətkarının - rejissor Mehdi Məmmədov və xalq artisti Barat Şəkinskayanın ailəsində dünyaya gəlib. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəssamlıq fakültəsini bitirib. İlk rəssamlıq işi uşaqlıq dostu Azərpaşa Nemətovun Gənc Tamaşaçılar Teatrında rus dilində quruluş verdiyi "Mənim qardaşım klarnetdə çalır" tamaşasında olub. Sonralar isə daha çox atası Mehdi Məmmədovla birlikdə çalışıb.

Bakıda fəaliyyət göstərən bütün teatrlarda, eyni zamanda Moskva, Arxangelsk, Serebrovskidə də yüzdən çox tamaşada rəssamlıq edib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş rəssamı olub. Mehdi Məmmədovun quruluş verdiyi "İblis" tamaşasına görə Dövlət Mükafatı laureatı adını alıb. E.Məmmədovun rəssam kimi quruluş verdiyi son tamaşası da Azərpaşa Nemətovla olub. Onun son işi olan "Hamlet" tamaşasında rəssam işləri yarımçıq qalıb.

E.Məmmədov Azərbaycan kinosu tarixində aktyor kimi maraqlı obrazlara imza atıb. Belə ki, "Yeddi oğul istərəm"də Mirpaşa, "Dədə Qorqud" filmində isə Qaraca çoban kimi yaddaqalan obrazlar canlandırıb.

O, 2001-ci il fevralın 18-də 55 yaşında dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi