​Azərbaycan filmləri Peruda keçirilən 20-ci Beynəlxalq Kinofestivalda nümayiş olunub

​Azərbaycan filmləri Peruda keçirilən 20-ci Beynəlxalq Kinofestivalda nümayiş olunub Filmləri müxtəlif kinoteatrlarda 1 milyondan artıq tamaşaçı izləyə bilib
İncəsənət
16 Avqust , 2016 07:47
​Azərbaycan filmləri Peruda keçirilən 20-ci Beynəlxalq Kinofestivalda nümayiş olunub

Bakı. 16 avqust. REPORT.AZ/ 2016-cı ilin 05-13 avqust tarixlərində Peru Respublikasının paytaxtı Lima şəhərində 20-ci Beynəlxalq Kinofestival keçirilib.

Bu ölkədəki səfirlikdən "Report"a verilən məlumata görə, Azərbaycan və Peru arasında mədəni əlaqələri möhkəmləndirmək və inkişaf etdirmək məqsədilə Limadakı diplomatik nümayəndəliyimiz və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə ilk dəfə olaraq Azərbaycan filmləri də, kinofestivalda nümayiş olunub.

Kinofestivalda qədim və zəngin keçmişə malik olan Azərbaycan kino sənayesinin müxtəlif dövrlərini əhatə edən 7 film - “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Yarasa”, “Özgə vaxt”, “Çölçü”, “Nabat” və “Axınla aşağı” bədii filmləri ispan dilində subtitrlərlə nümayiş etdirilib.

Festival çərçivəsində 400-ə yaxın müxtəlif janrda xarici filmlər, o cümlədən Latın Amerikası filmləri ilə yanaşı Fransa, İsveçrə və bir sıra ərəb ölkələrinin filmləri də nümayiş etdirilib.

Böyük Milli Teatrda keçirilmiş kinofestivalın təntənəli açılış mərasimində Perunun mədəniyyət naziri Xorxe Nieto Montesinos çıxış edərək, Latın Amerikası kinematoqrafiyasının keçmişi, bu günü və gələcəyi haqqında danışmış, mədəni irs və zəngin təxəyyüllərini əks etdirən filmlərin dünyanın müxtəlif ölkələrinin bir-birinə yaxınlaşmasında mühüm rol oynadığını bildirib. Kinofestivalda nümayiş olunmuş filmləri Perunun Mədəniyyət Nazirliyinin kinoteatrında, Peru Milli Kitabxanasının kinoteatrlarında, mədəniyyət mərkəzlərində, habelə ölkənin digər şəhərlərindəki böyük kinoteatrlarında 1 milyondan artıq tamaşaçı izləyə bilib.

Azərbaycan filmlərinin nümayişi tamaşaçılarda böyük maraq oyadıb və festival təşkilatçıları Azərbaycan kinomotoqrafiyasının gələcəkdə də Peruda keçiriləcək müvafiq beynəlxalq tədbirlərdə təqdim olunacağına ümid etdiklərini bildiriblər.

Son xəbərlər

Orphus sistemi