Yuxarı

Azərbaycan filmi ABŞ-da nüfuzlu mükafata layiq görülüb

Mariya İbrahimovanın çəkdiyi qısametrajlı filmi Tamaşaçı rəğbəti nominasiyasında festivalın yüksək mükafatını qazanıb

Bakı. 17 sentyabr. REPORT.AZ/ İçərişəhərdə çəkilmiş Azərbaycan filmi ABŞ-ın nüfuzlu qısametrajlı filmlər festivalında mükafata layiq görülüb.

"Report" xəbər verir ki, məlumatı Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidməti yayıb.

Qurumdan bildirilib ki, sentyabrın 10-da Vaşinqtonda 12-ci “DC Shorts” qısametrajlı film və ssenari festivalı (“DC Shorts Film Festival&Screenplay Competition”) başlayıb. Kinofestivalda ilk dəfə iştirak edən Azərbaycan festivala “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Nar Mobile” mobil operatorunun iştirakı ilə həyata keçirilmiş "Üç tarix" adlı film layihəsi çərçivəsində gənc rejissor Mariya İbrahimovanın çəkdiyi “Tanrıya məktub” adlı qısametrajlı filmlə qatılıb. Dünyanın 24 ölkəsindən 125 filmin iştirak etdiyi müsabiqədə Mariya İbrahimovanın çəkdiyi qısametrajlı filmi "Tamaşaçı rəğbəti" nominasiyasında festivalın yüksək mükafatına layiq görülüb.

Xatırladaq ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə 2012-ci ilin oktyabr ayında start verilmiş “Üç tarix” layihəsinin məqsədi gənc Azərbaycan kinorejissorlarına dəstək olmaq, onlara özünü ifadə imkanı yaratmaq, habelə ölkənin tarix-memarlıq irsinə marağın artırılmasından ibarətdir. Layihə çərçivəsində çəkilmiş filmlər müxtəlif beynəlxalq festivallarda iştirak edirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi