Yuxarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açıb

Teatrın planları, yeni tamaşaları və qastrol səfərləri haqqında ətraflı açıqlama verilib

Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi sentyabrın 1-də növbəti məzuniyyəti başa vuraraq 88-ci teatr mövsümünün açılışına start verib

"Report" xəbər verir ki, kollektivi qəbul edən teatrın direktoru əməkdar artist, Kalmıkiya Respublikasının əməkdar incəsənət xadimi Mübariz Həmidov geniş kollektiv toplantısında teatr əməkdaşlarını salamlayıb, yeni mövsümə başlanılması münasibətilə onları təbrik edib, ilin sonunadək görüləcək işlər barədə ətraflı məlumat verib.

GTT sentyabrın 19-da öz qapılarını sevimli tamaşaçılarının üzünə açacaq. Həmin gün saat 12.00-da H.K.Andersenin “Çirkin ördək balası”, saat 19.00-da U.Şekspirin “Romeo və Culyetta” tamaşaları göstəriləcək.

Sentyabrın 20-də saat 19.00-da yazıçı-dramaturq Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında hazırlanmış “Miras” tamaşası nümayiş etdiriləcək. Benefis-tamaşa teatrın qocaman aktyoru, əməkdar artist Rahib Əliyevin anadan olmasının 70, səhnə fəaliyyətinin 50 illiyinə həsr olunacaq.

Teatrda 88-ci mövsümdə Əjdər Olun “Biri vardı, biri yox”, Sevinc Elsəvərin “Ürəyində arzu tut” pyesi əsasında “Arzu və Murad” və hər il olduğu kimi uşaqların yeni il tətili üçün uşaq tamaşaları hazırlanacaq. Yeni səhnə əsərlərinin ilin sonunadək təhvil verilməsi nəzərdə tutulur.

B.Basanqov adına Kalmık Milli Dram Teatrı ilə qarşılıqlı yaradıcılıq əlaqələri davam edəcək.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrı arasında imzalanmış ikitərəfli müqavilənin bəndlərinə uyğun olaraq yaradıcılıq əlaqələri davam etdirilməkdədir. Müqaviləyə əsasən, Kalmık Milli Dram Teatrının yaradıcı heyəti oktyabr ayının əvvəllərində A.S.Puşkinin “Золотая рыбка” (“Qızıl balıq”) və Ə.Əmirlinin “Любящая женщина” (“Sevən qadın”) tamaşaları ilə çıxış edəcək.

Oktyabrın 26-30-da Dövlət Gənc Tamaşaçılar Teatrı Kalmıkiyaya qastrol səfəri edəcək. Səfər çərçivəsində teatrın yaradıcı heyəti repertuarında olan iki maraqlı tamaşa ilə sözügedən teatrın səhnəsində çıxış edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi