Yuxarı

Azərbaycan “Artmiqrasiya 2015” Teatr Forumunda təmsil olunub

Ölkəmizi forumda 4 aktyor və 1 rejissor təmsil edib

Bakı. 21 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının gənc aktyorları Günel Məmmədova, Eşqin Quliyev, Rus Dram Teatrının aktyoru Oleq Əmirbəyov, Teymur Rəhimov və Lənkəran Dövlət Dram Teatrının baş rejissoru Tural Mustafayev Moskvada keçirilmiş “Artmiqrasiya 2015” III Ümumrusiya gənclərinin Teatr Forumundan qayıdıblar. "Report" xəbər verir ki, Rusiya Teatr Xadimləri İttifaqı tərəfindən təşkil olunmuş festival – foruma Rusiyanın müxtəlif şəhərlərindən qatılmaq üçün 70-dən artıq ərizə qəbul olsa da, ekspertlər forum proqramına yalnız 5 tamaşanın nümayişini daxil ediblər.

Kventin Tarantinonun ssenarisi əsasında hazırlanmış “Бешеные псы”, Vasili Siqarevin “Гупешка”, Saşa Sokolovun “Школадлядураков”, Karl Qotsinin “Ворон”, Venedikt Erofeyevin “Mосква – петушки” tamaşaları forum çərçivəsində gənc teatr mütəxəssislərinə nümayiş etdirilib.

Forum zamanı göstərilən hər tamaşadan sonra Rusiyanın müxtəlif şəhərlərindən olan peşəkar teatr tənqidçiləri səhnə əsərləri barədə geniş müzakirələr aparıblar.

Forum çərçivəsində gənc aktyorlara aktyor, rejissor, pedaqoq və professor Qitis Padeqimas (Litva) tərəfindən ustad dərsləri keçirilib, bundan başqa, gənc aktyorlar “Remote Moscow” adlı layihədə iştirak ediblər. Yeni formatda olan layihə özündə tamaşa, ekskursiya, musiqi və kompüter oyunlarını birləşdirib. Daha sonra iştirakçılar sözügedən layihənin yaradıcıları ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Sonda bütün mərasim iştirakçılarına Aleksandr Başlaçevin parlaq həyatından bəhs edən “Сашбаш – Свердловск – Ленинград и назад” adlı tamaşa göstərilib.

Qeyd edək ki, festival – forum yaradıcı gəncləri stimullaşdırmaq, onlar arasında yaradıcılıq əlaqələri qurmaq və müştərək layihələrdə iştiraklarını təmin etmək məqsədi daşıyır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi