Yuxarı

​Aşıq Əhlimanın 60 illik yubileyi qeyd olunacaq

Tədbir martın 9-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək

Bakı. 16 fevral. REPORT.AZ/ Bu il martın 9-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan aşıq sənətinin tanınmış simalarından Əhliman Rəhimovun anadan olmasının 60 illik yubileyi qeyd olunacaq.

"Report"un məlumatına görə, bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirə respublikanın görkəmli sənət adamları, elm və ədəbiyyat xadimləri, çalışdığı universitetdəki həmkarları qatılacaq, ustad aşığın sənət dostları, tələbələri, Cənubi Azərbaycandan gəlmiş aşıqlar çıxış edəcək, sözlərinə bəstələnmiş mahnılar səslənəcək.

Qeyd edək ki, Ə.Rəhimov 1955-ci il martın 10-da Ucar rayonunun Bərgüşad kəndində anadan olub. Hazırda vaxtilə təhsil aldığı Mədəniyyət və İncəsənət Universitetində aşıq sənətini elmi əsaslarla tədris edir. 2000-ci ildən bu universitetdə müəllim kimi fəaliyyət göstərən Əhliman Rəhimov 2011-ci ildə sənətşünaslıq üzrə dissertasiya müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi qazanıb. Hazırda "Aşıq sənəti" kafedrasının müdiri və Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin üzvüdür.

Ustad aşıq kimi böyük el məhəbbəti qazanmış Aşıq Əhlimanın xidmətləri dövlət tərəfindən də layiqincə qiymətləndirilib, 2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə sənətkara "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi