"Arzu və Murad" tamaşasının premyerası keçiriləcək

"Arzu və Murad" tamaşasının premyerası keçiriləcək Tamaşa “Ürəyində arzu tut” əsəri əsasında hazırlanır
İncəsənət
18 Noyabr , 2015 16:44
Arzu və Murad tamaşasının premyerası keçiriləcək

Bakı. 18 noyabr. REPORT.AZ/ Gənc Tamaşaçılar Teatrında "Arzu və Murad" tamaşasının premyerası keçiriləcək. 

Teatrdan "Report"a verilən məlumata görə, tamaşa “Ürəyində arzu tut” əsəri əsasında hazırlanır.

Məlumata görə, ötən il Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və “Hədəf” Nəşrlər Evinin birgə təşkilatçılığı ilə “Anamın kitabı” adlı gənc yazarların pyes müsabiqəsində 100-dən artıq pyes oxunub və həmin əsərlərdən yalnız 10-u münsiflər heyətinin müzakirəsinə verilib.

Münsiflərin yekdil rəyinə əsasən, “Anamın kitabı” ədəbi müsabiqəsində I yerin qalibi ən yüksək bal toplamış gənc yazar Sevinc Elsevərin qələmə aldığı “Ürəyində arzu tut” pyesi olub.

Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov mükafatlandırma mərasimində bildirib ki, müsabiqədə qalib gələn əsər rəhbərlik etdiyi teatrda səhnələşdiriləcək. 

M.Həmodov qeyd edib ki, teatr öz vədinə sadiq qalaraq “Ürəyində arzu tut” əsəri əsasında “Arzu və Murad” tamaşası üzərində yaradıcılıq işinə start verib. Tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, bədii rəhbəri, teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

Yeni səhnə əsərində əsas obrazları əməkdar artist Gülər Nəbiyeva, aktyorlar Roza İbadova, Səbinə Məmmədova, Güşvər Şərifova, Nuriyə Əliyeva, Anar Seyfullayev, Eşqin Quliyev, Vüsal Mehrəliyev, Kərəm Hadızadə, Elşən Şıxəliyev, İlham Əsədov ifa edəcək.

Xocalı faciəsi baş verən zaman əsir düşmüş gənc qızın acı taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf hissləri, psixoloji və mənəvi durumu əsərin əsas ideyasını təşkil edir.

Tamaşanın premyerasının dekabrda keçirilməsi nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi