Yuxarı
    Bağlamaq

    Aktyor Eldəniz Zeynalovun xatirəsi yad olunub

    Onun həyat və yaradıcılığına həsr olunan fotosərgiyə baxış keçirilib

    Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycan Teatr Xadimləri İttifaqında xalq artisti Eldəniz Zeynalovun 80 illiyinə həsr olunmuş anım mərasimi keçirilib.

    "Report" xəbər verir ki, tədbir aktyorun həyat və yaradıcılığına həsr olunan fotosərgiyə baxış keçirilməsi ilə başlayıb.

    Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə sənət yoldaşları aktyorun həyatından danışaraq onunla bağlı xatirələrini bölüşüblər.

    Hacı İsmayılov onun kino mədəniyyətinin formalaşmasındakı xidmətlərini vurgulayaraq aktyorun böyük gülüş ustası olduğunu qeyd edib: "Eldənizin adını çəkəndə insanların üzündə gülüş yaranır. Çünki o, rolları ilə hər zaman güldürən, sevindirən bir aktyor olub".

    Azərpaşa Nemətov bildirib ki, o, harada çıxış etməsindən asılı olmayaraq həmişə rolu ilə yaddaşlarda qalıb: "Eldəniz Zeynalov böyük sənətkar idi. Baş rollarda az ifa etməsinə baxmayaraq, özünü insanların yaddaşlarına həkk etdirə bilib. Bizim yaddaşımızda xüsusilə məzəli sözləri ilə qalıb".

    Xatırladaq ki, Eldəniz Zeynalov 1937-ci il yanvarın 1-də anadan olub. Hələ məktəbli ikən dayısı Həsənağa Salayevin tövsiyəsi ilə Azərbaycan Dövlət Dram Tеatrında uşaq rоllarında çıхış еdib. Teatr İnstitutunda aktyorluq təhsili alıb. Məzun olduqdan sonra Akademik Dram Teatrında işə başlayıb. O, "Humay" mükafatı laureatı (1999), əməkdar artist (1974), xalq artisti kimi mükafatlara layiq görülüb. 2002-ci il noyabrın 5-də Bakıda vəfat edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi