Akademik Opera və Balet Teatrında "Koroğlu" operası yeni solistlərin ifasında nümayiş etdiriləcək

Akademik Opera və Balet Teatrında "Koroğlu" operası yeni solistlərin ifasında nümayiş etdiriləcək Koroğlu obrazını ilk dəfə əməkdar artist Fərid Əliyev ifa edəcək
İncəsənət
18 May , 2016 06:33
Akademik Opera və Balet Teatrında Koroğlu operası yeni solistlərin ifasında nümayiş etdiriləcək

Bakı. 18 may. REPORT.AZ/ Mayın 25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ölməz “Koroğlu” operasının tamaşası keçiriləcək.

Bu barədə "Report"a Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidmətindən məlumat verilib.

Premyerası 1937-ci ildə baş tutan bu opera milli opera sənətimizin incilərindən biri olub artıq 79 ildir ki, səhnədədir. Bu illər ərzində tamaşada əsas partiyaları Azərbaycan vokal sənətinin bir çox görkəmli nümayəndələri ifa edib.

Mayın 25-də baş tutacaq tamaşada iki əsas partiyada yeni ifaçıların debütü gözlənilir – Koroğlu rolunda ilk dəfə əməkdar artist, Azərbaycan Respublikası Prezidentinin fəxri mükafatçısı Fərid Əliyev, Həsən xan rolunda isə digər bir gənc vokalçı, əməkdar artist Cahangir Qurbanov çıxış edəcək.

Tamaşada həmçinin teatrın solistlərindən xalq artisti Əli Əsgərov (İbrahim xan), əməkdar artistlər İlahə Əfəndiyeva (Nigar), Əkrəm Poladov (Alı kişi), Sabir Əliyev (Vəli), solistlərdən Əliəhməd İbrahimov (Nadir), Tural Ağasıyev (Vəzir), Tələt Yahyayev (Ehsan paşa), Atəş Qarayev (Həmzə) və b. iştirak edəcək.

Tamaşanın xormeysteri əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeysteri Nərgiz Ağayeva, dirijoru isə xalq artisti, professor Cavanşir Cəfərovdur.

Son xəbərlər

Orphus sistemi