Akademik Milli Dram Teatrında yeni tamaşanın premyerası olub

Akademik Milli Dram Teatrında yeni tamaşanın premyerası olub “2115 qatarı” tamaşası türk dramaturqu Toyqun Orbayın pyesi əsasında hazırlanıb
İncəsənət
16 Aprel , 2015 13:13
Akademik Milli Dram Teatrında yeni tamaşanın premyerası olub

Bakı. 16 aprel. REPORT.AZ/ Akademik Milli Dram Teatrında yeni tamaşanın premyerası olub. 

"Report" xəbər verir ki, “2115 qatarı” tamaşası türk dramaturqu Toyqun Orbayın pyesi əsasında hazırlanıb. Pyesi Azərbaycan dilinə Dilsuz tərcümə edib. 

Tamaşanın quruluşçu rejissoru Azərbaycanın əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Samirə Həsənova, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq üzrə rəssamı Rafael Həsənovdur.
Tamaşada xalq artisti, dövlət mükafatı laureatı Hacı İsmayılov (Vağzal məmuru), xalq artisti Nurəddin Mehdixanlı (Kişi), əməkdar artistlər Sənubər İsgəndərova (Qadın), Firuz Xudaverdiyev (Yaşlı kişi), aktyor Ramin Şıxəliyev (Yaşlı Kişi) çıxış edirlər.
75 dəqiqə davam edən tamaşa iki insanın vağzalda qarşılaşmasından bəhs edir. Kiçik vağzalda saat hər zaman 21.15-i göstərir. "2115 qatarı"nın isə adı var, amma özü mövcud deyil. Vağzalda tanış olan bu naməlum kişi və qadın düşünür ki, gözlədikləri qatar heç vaxt gəlməyəcək. Gəlməyəcək qatarı gözləyə-gözləyə vaxtlarını bir-birlərini tanımağa, incəsənət, musiqi, həyat, insanlar və ümumilikdə var olmaq haqda düşüncələrini paylaşmağa sərf edirlər. Kişi əsl intellektual, qadın isə tez-tez etiraz edən şagird rolunda çıxış edir. Bu vaxt ərzində onlar qatarsız qalan vağzalın rəhbəri ilə də tanış olurlar. Tamaşanın sonunda qatar gəlir və kişi gözdən itir. İndi onun yerini növbəti sərnişinə yol göstərəcək qadın tutub. Hadisələr biri-birini beləcə əvəz edir.

 Rejissor Bəhram Osmanov yeni tamaşası haqqda "Report"a danışıb. Tamaşanın abstrakt janrda olduğunu deyən rejissor qeyd edib ki, tamaşa mövcudluq oyunudur: "Əsəri yazan türk dramaturqu Toyqun Orbay pyeslər yazmaqla bərabər həm də gözəl rəssamdır. Türkiyədə bir neçə "Art-salon"ları var. Toyqun Orbayın digər sənəti isə, neyrocərrah olmasıdır. Belə əsəri elə beyin cərrahiyyəsi ilə məşğul olan adam yaza bilər. Çünki elə mövzular var ki, onları yazıçılardan daha yaxşı, başqa sənət sahibləri duya bilirlər. Tamaşanın necə alındığını isə mənə demək çətin olar. Hər halda çalışmışıq ki, nə demək istədiyimizi tamaşaçıya çatdıra bilək". 

“2115 qatarı” birpərdəli pyesi 2002-ci ildə yazılıb. Bu tamaşa Akademik Milli Dram Teatrının T.Orbay yaradıcılığına ilk müraciətidir.


Son xəbərlər

Orphus sistemi