Ağdamda “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı təşkil olunub

Ağdamda “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı təşkil olunub Bakı. 9 iyul. REPORT.AZ/ Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “100 illik tariximiz” devizi altında respublikamızın regionlarında həyata keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Ağdam rayonun olub.
İncəsənət
9 İyul , 2018 18:18
Ağdamda “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı təşkil olunub

Bakı. 9 iyul. REPORT.AZ/ Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “100 illik tariximiz” devizi altında respublikamızın regionlarında həyata keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Ağdam rayonun olub.

Nazirliyin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, rayonun Quzanlı qəsəbəsindəki Heydər Əliyev adına parkda keçirilən tədbirdə rayonun kənd və qəsəbələrindən gəlmiş sakinlər, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, həmçinin respublikamızın digər bölgələrindən olan qonaqlar əsl mədəniyyət bayramının şahidi olublar.

Park ərazisində Mədəniyyət Nazirliyinin Sumqayıt, Gəncə, Xaçmaz, İsmayıllı, Şəki, Kürdəmir, Ağstafa, Şəmkir, Bərdə, Ağcabədi, Ağdaş, Sabirabad, Lənkəran, Masallı və Biləsuvar regional mədəniyyət idarələrinin festival çadırları qurulub, şəhər və rayonların mədəni irsini əks etdirən sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işlərinin sərgisi keçirilib. Festivala gələnlər Azərbaycanın bölgələrinin mədəni zənginliyi, özünəməxsusluğu, qədim tarixi, ənənələri, incəsənət nümunələri ilə maraqla tanış olublar. Parkda təqdim olunan konsert proqramı rəngarəngliyi ilə yaddaşlarda qalıb. Hər bir regional idarə üzrə folklor qruplarının, incəsənət və bədii özfəaliyyət kollektivlərinin ifasında təqdim edilən musiqi nömrələri, rəqslər hamıda xoş ovqat yaradıb.

Bərdə Regional Mədəniyyət İdarəsinin təmsil edən Elnur Cəfərov deyib ki, zəngin tarixi-mədəni irsə malik Bərdənin həm də turizm potensialı böyükdür: "Odur ki, biz sərgidə Bərdəyə aid müxtəlif suvenirlər, əl işləri, turizm çap məhsulları nümayiş etdiririk. Bu isə həm də Bərdənin turizm imkanlarının təbliği deməkdir. Tədbirin bölgələr arasında mədəni mübadilənin daha da dərinləşməsində, regionlararası yaradıcılıq əlaqələrinin genişlənməsində rolunu yüksək qiymətləndirir, festivalın təşkilatçılarına təşəkkürümü bildirirəm”.

Lənkəran Regional Mədəniyyət İdarəsini təmsil edən Nurlana İbrahimova da festivalın böyük maraq doğurduğunu bildirib: “İki gündür Qarabağ torpağındayıq. Dünən Füzulidə, bu gün isə Ağdam rayonunda keçirilən yaradıcılıq festivalında iştirak edirik. Sakinlər sərgilərə, nümayiş edilən sənətkarlıq nümunələrinə, rəsmlərə, digər əl işlərinə çox maraqla baxırlar”.

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş layihənin əsas məqsədi zəngin dövlətçilik ənənələrinə malik olan xalqımızın mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayiş etdirilməsi, bölgələrarası mübadilənin gücləndirilməsidir. Layihənin yay mövsümündə keçirilməsi həm ölkəmizə gələn xarici qonaqlara, həm də yerli sakinlərə regionların rəngarəng mədəni həyatı ilə əyani şəkildə tanış olmağa imkan yaradır.

Masallı şəhərində start götürüb, Lənkəran, Salyan, Sabirabad, Füzuli və Ağdamda davam etmiş “Bölgələrdən bölgələrə” adlı yaradıcılıq festivalı nazirliyin digər regional idarələrində də davam edəcək.

Son xəbərlər

Orphus sistemi